“Azərreyl” rusiyalı və ukraynalı voleybolçularla müqavilə bağlayıb

“Azərreyl” rusiyalı və ukraynalı voleybolçularla müqavilə bağlayıb
# 19 sentyabr 2014 09:19 (UTC +04:00)

Bakı – APA. “Azərreyl” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Azərbaycan millisinin oyunçuları Aynur Kərimova, Şəfaqət Həbibova, İrina Makarenko və Belarus yığmasının hücumçusu Oksana Kovalçukun ardınca daha 2 voleybolçunun transferini rəsmiləşdirib.

Yeni mövsümdə Vüqar Əliyevin çalışdıracağı “Azərreyl” rusiyalı Yuliya Stenkina və ukraynalı Olqa Savençukla danışıqları müsbət yekunlaşdırıblar. Hər 2 oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Libero mövqeyində oynayan 26 yaşlı Stenkina karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. 172 sm boya malik olan voleybolçu Rusiyanın “Xara Morin” klubundan transfer edilib. Karyerası ərzində titul qazana bilməyən Yuliya, həmçinin Yurq Liseyində (2005-2007) və “Tyumen”də (2010-2012) oynayıb. O, “Xara Morin”in 5 mövsümdə formasını geyinib (2007-2010, 2012-2014).

Stenkinadan fərqli, Savençuk ölkəsinin millisində oynayıb və kifayət qədər güclü klublarda çıxış edib. “Çerkasi” (2004-2005), “Severdontçanka” (hər ikisi Ukrayna, 2005-2006, 2008-2010), “Dinamo” (Moskva, 2006-2007), “Stinol Lipets” (hər ikisi Rusiya, 2007-2008), “Beşiktaş” (Türkiyə, 2010-2011) və “Neve Şanan” (İsrail, 2011-2012) komandalarının şərəfini qoruyan Olqa “Azərreyl”ə son 2 ildə şərəfini qoruduğu Ukrayna “Ximik”indən transfer olunub.

O, 3 dəfə ölkəsinin çempionu (2005, 2009, 2013), eyni sayda kubokunun sahibi (2005, 2009, 2014) olub. Savençukun aktivində Rusiya Superliqasının qızıl medalları (2007) da var. Yığmasında 33 görüşə çıxan 26 yaşlı hücumçu 190 sm boya malikdir. O, həmçinin Ukrayna millisinin heyətində 18 yaşlılar arasında Avropa çempionu (2005) adına layiq görülüb.

Qeyd edək ki, “Azərreyl” 2014/2015 mövsümündə “Çelenc Cup”da oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR