Nazir: “Azərbaycanda əhalinin gəlirləri 6,1 dəfə artaraq 34,7 mlrd. manata  çatıb”

Nazir: “Azərbaycanda əhalinin gəlirləri 6,1 dəfə artaraq 34,7 mlrd. manata  çatıb”
# 10 sentyabr 2013 15:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Son 10 ildə Azərbaycanda ölkə əhalisinin gəlirləri nominal ifadədə 29,0 mlrd. manat, yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 mlrd. manat olub.

APA-Economics”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, ölkədəki münbit iqtisadi mühit və əhalinin gəlirlərinin yığıma yönələn hissəsinin ilbəil artımı hesabına onların banklarda olan əmanətlərinin məbləği artaraq 5,1 mlrd. manata çatıb ki, bu da 2003-cü illə müqayisədə 4,8 mlrd. manat və ya 20,3 dəfə çoxdur: “Ölkənin valyuta ehtiyatları on il ərzində 29,1 dəfə artaraq 46,5 mlrd. ABŞ dollarına çatıb”.

Maliyyə naziri bildirib ki, bütövlükdə son 10 il ərzində ölkədə 17 mln. 65 min kvadratmetr yaşayış evləri və yaxud 154 900 ədəd mənzil tikilib istifadəyə verilib: “2003-cü illə müqayisədə 2012-ci ildə yaşayış evlərinin tikintisi 60,3%, mənzillərin sayı isə 40,0% artıb. Əhalinin şəxsi istifadəsində olan nəqliyyat vasitələrinin sayı 916 431 ədədə olmaqla 2003-cü ilə nisbətən 530 212 ədəd və yaxud 2,4 dəfə artıb. Bu ilin 6 ayında ölkəmizə 43 186 ədəd minik avtomobili idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 860 ədəd və ya 15,7% çoxdur”.

S. Şərifov bildirib ki, hazırda əhalinin hər 100 nəfəri 105 mobil rabitə abunəçisidir: “Son 10 ildə yol və digər nəqliyyat infrastrukturlarına daxili və xarici maliyyə mənbələrindən 8 mlrd. 300 mln. manat vəsait cəlb etməklə ölkəmizdə ümumi uzunluğu 3 296 kilometr olan yollar tikilib, yenidən qurulub və əsaslı təmir olunub ki, bunun da 1 115 kilometri respublika əhəmiyyətli, 2 181 kilometri isə yerli əhəmiyyətli yollar təşkil edir. Bakı şəhəri ərazisində 32 ədəd ümumi uzunluğu 9 575 poqon metr olan müxtəlif səviyyəli yol qovşağı, 60 ədəd ümumi uzunluğu 4 025 metr olan yeraltı və yerüstü piyada keçidləri tikilib, yenidən qurulmuş və əsaslı təmir olunub”.

Maliyyə nazirinin sözlərinə görə, Bakı şəhərinin nəqliyyat şəbəkəsində müstəsna əhəmiyyət kəsb edən Bakı Metropoliteninə 1 mlrd. 500 mln. manat vəsait ayrılmaqla ümumi uzunluğu 4,8 kilometr olan yeraltı metro xətləri çəkilib, 3 metro stansiyası tikilib istifadəyə verilib, 3 stansiyada yenidənqurma işləri aparılıb, metronun vaqon parkı 76 ədəd yeni vaqonla təchiz edilib, hazırda 5 stansiyanın tikintisi işləri (uzunluğu 4,9 kilometr) aparılır.

O qeyd edib ki, son 10 ildə elektrik enerjisi sektoruna daxili və xarici maliyyə mənbələrindən 3,1 mlrd. manat vəsait cəlb edilməklə ölkəmizdə ümumi gücü 2 300 meqavat olan 14 yeni elektrik stansiyaları tikilib istifadəyə verilib, 3 istiqamətdə yüksək gərginlikli yeni elektrik ötürücüsü xətləri çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR