Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Niderlandın «Elsevier» nəşriyyatının rəhbəri ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Niderlandın «Elsevier» nəşriyyatının rəhbəri ilə görüşüb
# 23 may 2013 13:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan Niderlandın «Elsevier» nəşriyyatının rəhbəri Yonqsunk Çhi ilə görüşüb.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanda 2013-cü ilin «İKT ili» elan edilməsinə diqqət çəkən nazir ölkədə həyata keçirilən islahatlardan, o cümlədən «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasından söz açıb.


Ə.Abbasov konsepsiyada əsas istiqamətlər kimi gələcək inkişaf perspektivlərində elm, təhsil və texnologiyaların əsas rol oynayacağını, Azərbaycanda artıq biliklər iqtisadiyyatına keçidin təməlinin qoyulduğunu, bu aspektdə ölkədə elektron elmin inkişaf etdirilməsi üçün «Elsevier» kimi nüfuzlu, beynəlxalq elektron kitabxanalarla əməkdaşlığın vacibliyini vurğulayıb.


Azərbaycanın iqtisadi inkişaf səviyyəsinin davamlı yüksəlişindən məmnunluğunu ifadə edən Y.Çhi da öz növbəsində, dünya elmi nəşriyyat bazarında 25%-lik çəkiyə, eyni zamanda «ScienceDirect», «Scopus», «SciVal» kimi elmi məlumat bazalarına sahib olduqlarını diqqətə çatdırıb.


Y.Çhi bildirib ki, dünyanın ən qocaman nəşriyyatı kimi «Elsevier»in elmi bazası Azərbaycan alimlərinin gələcək elmi fəaliyyətində, apardıqları elmi tədqiqatlarda yüksək informasiya mənbəyi kimi çıxış edə bilər.


Azərbaycanla münasibətlərin bundan sonra da inkişafında maraqlı olduqlarını deyən nəşriyyat rəhbəri əlaqələrin intensivləşməsinin Azərbaycan elminə, o cümlədən ölkəmizdə elektron elmin formalaşmasına mühüm töhfə verə biləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR