Son səkkiz ildə Azərbaycanda əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb

Son səkkiz ildə Azərbaycanda əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb
# 20 avqust 2014 11:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov-APA-Economics. Azərbaycanda yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8 sərəncam verilib. Həmçinin, bu müddət ərzində sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 8 sərəncam imzalanıb. Bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondu aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev məlumat verib.

Onun sözlərinə görə, qısa müddət ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu ilin sentyabrın 1-dən 85 manat, 2013-cü ilin sentyabrın 1-dən 100 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunub.


Bununla yanaşı, dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3 faizlik, 2008-ci ilin yanvarın 1-dən 16,7 faizlik, 2009-cu ilin yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən 5,7 faizlik, 2012-ci il yanvarın 1-dən 7,9 faizlik, 2013-cü il yanvarın 1-dən 1,1 faizlik, 2014-cü il yanvarın 1-dən 2,4 faizlik artım tətbiq edilib.


E. Məmmədəliyev qeyd edib ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 1 yanvar 2007-ci il tarixə 41,1 manat, 1 yanvar 2008-ci il tarixə 62,9 manat, 1 yanvar 2009-cu il tarixə 95,8 manat, 1 yanvar 2010-cu il tarixə 100,4 manat, 1 yanvar 2011-ci il tarixə 112,9 manat, 1 yanvar 2012-ci il tarixə 145,1 manat, 1 yanvar 2013-cü il tarixə 152,0 manat təşkil edib, hazırda isə 172,2 manata çatıb. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artıb.


”Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7% üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR