Bakı. Zümrüd Paşayeva – APA. “Ukraynada baş verənlərə görə yalnız bir nəfər - eks-prezident Yanukoviç məsuliyyət daşıyır”. APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Yanukoviçin dövründə dözülməz rüşvət və korrupsiya sistemi yaradılıb, idarəçilik itirilib və ölkə siyasətçiləri bir-biri ilə qırğına çıxıblar. A. Lukaşenko rusiyalı jurnalistlərə səslənərək qeyd edib ki, Ukraynanın qərbindəkilərin “faşistlər və nasistlər”, şərqindəkilərin isə “bizimkilər” olduğuna inanmasınlar: “Hər yerdə normal insanlar var, lakin hər ailədə eybəcərlər də olur”.
Belarus prezidentinin fikrincə, Rusiya olmasaydı, Donetsk və Luqansk “xalq respublikaları” mövcud olmazdı: “Gəlin açıq danışaq, Rusiyasız “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın işi həll olunardı. Sivilizasiyalı insanlar olan slavyanlar bir-birini öldürməməlidir”.