Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq Amerikanın “Kinemetrics” şirkətinin nümayəndələri Bakıya gəliblər

Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq Amerikanın “Kinemetrics” şirkətinin nümayəndələri Bakıya gəliblər
# 30 aprel 2013 14:20 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq Amerikanın “Kinemetrics” şirkətinin nümayəndələri Bakıya gəliblər. Bu barədə APA-ya AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bir həftə davam edəcək səfər müddətində “Kinemetrics” şirkətinin əməkdaşları ARDNŞ-nın, “Xəzərdənizneftqaz” Layihə İnstitutunun, Respublika Seysmoloji Xidmət Mərkəzinin nümayəndələri və stansiyaları quraşdıracaq dalğıclarla müzakirələr aparacaqlar: “Sualtı stansiyaların layihələndirməsi artıq başa çatmaq üzrədir. Sualtı stansiyalar payıza qədər quraşdırılacaq”.

Q. Yetirmişli deyib ki, stansiyaların təhlükəsizliyi tam təmin olunacaq. Stansiyalar dənizin dibində, ötürücülər isə platformada qurulacaq.

Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyaların quraşdırılması üçün Amerikanın “Kinemetrics” şirkəti ilə müqavilə 2011-ci ildə bağlanılıb. Stansiyalar “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırılacaq. Bu, MDB məkanında quraşdırılacaq ilk sualtı stansiyalar olacaq. Ümumiyyətlə, Xəzərin Azərbaycanın sektorunda, İrandan tutmuş Rusiya ilə sərhədə qədər 10 sualtı seysmik stansiyanın quraşdırılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR