Masallıda daş dövrünə aid maddi-mədəniyyət nümunələri tapılıb

Masallıda daş dövrünə aid maddi-mədəniyyət nümunələri tapılıb
# 04 iyun 2016 15:12 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallıda daş dövrünə aid edilən maddi-mədəniyyət nümunələri tapılıb.

APA-nın cənub bürosunun məlumatına görə, həmin nümunələr rayonun qədim yaşayış məntəqələrindən sayılan Xanalion kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb.

Qazıntı işləri aparılarkən üzə çıxan müxtəlif fiqurlu, əsasən əmək alətlərini xatırladan daşlar elə ilk görünüşdən diqqəti cəlb edib. Yerli sakinlərin qənaətinə görə, əl əməyinin məhsulu olan bu daşlar bu diyarın zəngin tarixi keçmişindən soraq verir.

Xanalion kənd sakini Maqsud Şirəliyev həyətində hovuz qazan zaman qeyri-adi daşlar gördüyünü bildirib. “Hovuzu təxminən 2 metr qazandan sonra oradan müxtəlif növ, qeyri-adi daşlar çıxmağa başladı. Onların içərisində çarığı, qədim həvəng dəstini xatırladan, müxtəlif atributları təsvir edən daşlar var idi. Mən əminəm ki, təbiət belə bir daşı öz-özünə yarada bilməz. Bunlar hansısa bir dövrün oyma sənətinin nişanəsidir”.

M. Şirəliyevin sözlərinə görə, o, tapıntı ilə əlaqədar Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edib. İnstitutun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova ona cavab məktubu göndərib. Məktubda bildirilir ki, bu ilin iyul-avqust aylarında institutun ekspedisiya qrupu Lerik, Cəlilabad, Masallı və Yardımlı rayonları ilə yanaşı, Xanalion kəndində arxeoloji tədqiqat işləri aparacaq.

Kənd ağsaqqalı, uzun illər yerli məktəbdə tarix müəllimi işləmiş Xudaverdi Əliyev isə bildirib ki, Xanalion kəndi dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyi üçün burada məskunlaşma ətraf yaşayış məntəqələrindən xeyli əvvəl olub. “Elə aşkarlanan daşlar da buna əyani sübutdur. Kəndin adı isə xanın yaşadığı yer mənasını verir. Kəndimizin qədim tarixi var. Vaxtilə yerli camaat yüksəklikdə yaşayıb, buralar isə dənizkənarı olub, mayakların yeri hələ də qalmaqdadır. Yuxarı ərazidə çoxlu sayda qeyri-adi daşlara rast gəlinib. Cavanlar onları yığıb kəndə gətiriblər. Bunlar adi daşlar deyil. Baxanda, hiss edirsən ki, bu daşlardan əmək alətləri kimi istifadə edilib. Fikrimcə, bu daşlar daş dövrünə aiddir. Metalın hələ olmadığı vaxtlarda insanlar məişətdə məhz belə daşlardan istifadə ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR