Azərbaycan hökuməti qiymətli kağızlar bazarının iştirakçılarının fəaliyyətinə qoyulan tələbləri sərtləşdirib

Azərbaycan hökuməti qiymətli kağızlar bazarının iştirakçılarının fəaliyyətinə qoyulan tələbləri sərtləşdirib
# 04 mart 2013 07:04 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə» 2002-ci il 7 noyabr tarixli qərarına dəyişikliklər edib. «APA-Economics»in məlumatına görə, dəyişikliklərə əsasən, Azərbaycanda qiymətli kağızlar bazarının iştirakçılarının fəaliyyətinə qoyulan tələblər sərtləşdirilib və eyniləşdirilib.

Dəyişikliklər nəticəsində bu tələblər broker, diler, fond birjası, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili fəaliyyəti ilə məşğul olanların hamısına tətbiq ediləcək.

Yeni tələblərə istifadə ediləcək ofis sahəsində, müvafiq peşəkar fəaliyyətin həyata keçirilməsinə imkan verən kompyuter və telekommunikasiya sistemləri, elektron mühasibat proqramlarının olması, ərizəçinin nizamnamə kapitalının 10 və ya daha çox faizini təşkil edən paya birbaşa və ya dolayı yolla sahib olan şəxslər haqqında məlumat, iştirakçılar (səhmdarlar) xarici fiziki şəxs olduqda, onun rezidenti olduğu ölkənin ən azı 2 maliyyə təşkilatının müsbət tövsiyələri (bu şəxslə nə vaxtdan işgüzar münasibət yaratdığını, ödəmə qabiliyyətli müştəri olmasını və ya maliyyə vəziyyətini xarakterizə edə bilən digər müsbət göstəriciləri əks etdirə bilər) və (və ya) bank hesablarından çıxarışlar aiddir.

Bundan başqa, yeni tələblərə əsasən, qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə məşğul olmaq üçün lisenziya üçün müraciət edən ərizəçinin digər hüquqi şəxslərin nizamnamə kapitalında 20 və ya daha çox faizi təşkil edən paya birbaşa və ya dolayı yolla sahibliyi haqqında məlumat, eləcə də ərizəçinin təsisçilərinin (iştirakçılarının) digər şəxslərin nizamnamə kapitalında 10 və ya daha çox faizi təşkil edən paya birbaşa və ya dolayı yolla sahibliyi haqqında məlumat, növbəti 3 il üçün tərtib edilmiş və ərizəçinin idarəetmə orqanı tərəfindən təsdiq edilmiş biznes-plan, daxili nəzarət sisteminin təsviri, fəaliyyət xüsusiyyətindən asılı olaraq risklərin idarə edilməsi proseduraları nəzərdə tutulur.

Bundan başqa, tələblərə görə, ərizəçinin rəhbər vəzifələrə təyin edilmiş əməkdaşlar haqqında məlumat, onların ali təhsili və əmək stajı haqqında sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, rəhbər vəzifələrə təyin edilmiş əməkdaşlar üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağanın qoyulmaması, habelə məhkəmə qaydasında müflis elan edilməsi faktının olmamasına dair vətəndaş qüsursuzluğu barədə ərizə, peşəkar fəaliyyətin həyata keçirilməsi üçün qanun-vericiliklə müəyyən edilmiş daxili qaydaların surətləri təqdim olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR