İsmayıllıda torpaq sürüşməsi baş verən ərazilərdə monitorinq keçirilib

İsmayıllıda torpaq sürüşməsi baş verən ərazilərdə monitorinq keçirilib
# 12 aprel 2012 09:39 (UTC +04:00)
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rafael Əhmədov APA-ya bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin rəhbərliyi ilə İsmayıllı rayonun kəndlərində baş verən torpaq sürüşməsi ilə əlaqədar 3 gün ərzində tədqiqat işləri aparılıb: “Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin də bununla bağlı rayona gəlişi gözlənilir. İsmayıllı şəhərində və rayonun 24 kəndində qəzalı vəziyyətə düşən 145 evə baxış keçiriləcək”.

O, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi mütəxəssislərinin ötən il qeyd edilən ərazilərdə birgə monitorinq keçirdiklərini, əhalinin ərazidən köçürülməsi barədə qərar qəbul olunduğunu xatırladıb. Onun sözlərinə görə, sakinlərə yeni evlərin tikilməsi üçün torpaq sahəsi də ayrılıb. R. Əhmədov torpaq sürüşməsinin aktivləşməsi ilə əlaqədar olaraq yerli sakinlərdən ərazilərə təkrar baxış keçirilməsi üçün müraciətlər aldıqlarını deyib.

Qeyd edək ki, Muğanlı-İsmayıllı-Qəbələ yolunda baş verən torpaq sürüşməsi ilə əlaqədar 25 yerdə çatlar əmələ gəlib, ərazidə təhlükəli vəziyyət yaranıb. Bir neçə yerdə torpaq sürüşməsi səbəbindən yolun hərəkət hissələrindən biri dağılaraq yararsız hala düşüb və avtomobillər birtərəfli yolla hərəkət edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR