“Bakı Debat Forumu - Yaşıl Düşüncə Kuboku-2012” layihəsi başa çatıb

“Bakı Debat Forumu - Yaşıl Düşüncə Kuboku-2012” layihəsi başa çatıb
# 21 may 2012 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC-nin və Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “International Dialogue for Environmental Action” kampaniyası (IDEA) ilə birgə həyata keçirilən “Bakı Debat Forumu - Yaşıl Düşüncə Kuboku-2012” layihəsi başa çatıb.

«APA-Economics»in məlumatına görə, layihənin başa çatması münasibətilə bu gün Bakıda keçirilən tədbirdə debat yarışlarının finalında Azərbaycan və rus bölməsi üzrə qalib gələn iki universitetin komandası «Yaşıl Düşüncə Kuboku» ilə təltif olunub, debat forumlarında iştirak etmiş bütün tələbələrə sertifikatlar verilib.

Tədbirdə çıxış edən «Təmiz Şəhər» ASC-nin şöbə müdiri Oqtay Məmmədov gənclərin ətraf mühitin mühafizəsində öz məsuliyyətlərini dərk etməsinin, «yaşıl düşüncə» tərzinin inkişaf etdirilməsinin, tullantıların düzgün idarə olunmasının gənclər tərəfindən təbliğ edilməsinin önəmli olduğunu qeyd edib.

Gənclərin məişət tullantılarının idarə olunması sahəsinə ətraf mühitin mühafizəsi və «yaşıl düşüncə» prizmasından yanaşmanı təbliğ etmək məqsədilə keçirilmiş bu layihə çərçivəsində 18 ali təhsil müəssisəsində təhsil alan 2 400-ə yaxın tələbəyə təlimlər keçirilib, universitet daxili və universitetlərarası Debat Forumları təşkil edilib. Təlimlərdə iştirakçılara bərk məişət tullantıları anlayışı, tullantıların idarə olunmasının ekoloji əsasları, tullantıların azaldılması, təkrar istifadə və çeşidləməni nəzərdə tutun «3R» konsepsiyası haqqında məlumat verilib.

Debat forumlarında isə tələbələr bərk məişət tullantılarının çeşidlənməsinin vətəndaşlar tərəfindən aparılması çeşidləmə müəssisələri tərəfindən aparılmasından daha effektiv olması və tullantıların idarə olunmasında istehsalçı məsuliyyətinin istehlakçı məsuliyyətindən daha yaxşı nəticə verməsi kimi mövzularda müzakirələr aparıb.

Qeyd edək ki, tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak edib.

Xatırladaq ki, «Yaşıl Düşüncə Kuboku-2012» layihəsi «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR