Ombudsmanın nümayəndələri Qurban bayramı ərəfəsində müəssislərə başçəkmə həyata keçiriblər

Ombudsmanın nümayəndələri Qurban bayramı ərəfəsində müəssislərə başçəkmə həyata keçiriblər
# 24 oktyabr 2012 14:28 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları müqəddəs Qurban bayramı ərəfəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 2, 6 və 10 saylı cəzaçəkmə müəssisələrində (CÇM) olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd məhkumların vicdan azadlığının təmini vəziyyətinin və ibadət otağının fəaliyyətinin araşdırılmasından ibarət olub.

Adı çəkilən CÇM-lərin məscidlərində ibadət edən məhkumlarla görüş keçirilib, onların problemləri öyrənilib, Ombudsmanın bayram təbriki məhkumlara çatdırılıb. Məhkumlar onların vəziyyətini daim diqqətdə saxladığına görə Müvəkkilə təşəkkür ediblər.

Qeyd edilməlidir ki, digər müəssisələrlə yanaşı, başçəkmə həyata keçirilmiş müəssisələrin hər birində məscid mövcuddur, məhkumların sərbəst ibadət etmələri üçün uyğun şərait yaradılıb, həmin məscidlər lazımi dini ədəbiyyatla təmin edilib.

Aparatın əməkdaşları həmin CÇM-lərin bəzilərinin cərimə təcridxanalarında saxlanılan şəxslərlə də görüşüb, onların saxlanılma şəraitini araşdırmış və onlara da Müvəkkilin bayram təbriki çatdırılıb. Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasına keçirilmiş təkrar baxış zamanı bir sıra yeniliklərin olduğu müəyyən edilib, cərimə təcridxanasının bütün kameraları təmir edilib, yeni hamam istifadəyə verilib.

Bundan əlavə, 2 və 6 saylı CÇM-lərdə saxlanma şəraiti araşdırılıb, bir neçə məhkum qəbul edilmiş, onlara hüquqi məsləhətlər verilib.

Məhkumlar yaradılmış şəraitdən razılıqlarını bildirib, Penitensiar Xidmətdə aparılan islahatları dəstəklədiklərini söyləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR