“Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” İsmayıllıda müzakirə edilir

“Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” İsmayıllıda müzakirə edilir
# 24 dekabr 2013 09:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün İsmayıllı rayonundakı Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində dəyirmi masa keçirilir.

APA-nın xəbərinə görə, İsmayıllı rayonunda təşkil olunan ilk tədbirdə Təhsil Nazirliyinin rəsmiləri ilə yanaşı, İsmayıllı, Qəbələ, Göyçay və Ağsu rayonunun təhsil işçiləri iştirak edirlər.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, oktyabrın 24-də "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Onun sözlərinə görə, strategiyanın müzakirəsi ilə bağlı regionlarda müxtəlif tədbirlər, dəyirmi masalar keçiriləcək və burada müxtəlif məsələlər müzakirə olunacaq. C.Valehov qeyd edib ki, yeni sənədin qəbulu təhsilin gələcək inkişafı üçün yeni imkanlar açır.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov qeyd edib ki, ölkə prezidenti tərəfindən təsdiq olunmuş bu sənəd çox əhəmiyyətli və son 20 ildə təhsilin inkişafı üçün qəbul olunmuş ən mühüm sənəddir. Onun sözlərinə görə, hazırda nazirlik hökumətlə birgə "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası ilə bağlı plan hazırlayır. Dəyirmi masalarda müzakirə edilən məsələlər və irəli sürülən təkliflərin Təhsil Nazirliyi üçün mühüm əhəmiyyət daşıdığını deyən nazirlik rəsmisi vurğulayıb ki, burada olan həmin təkliflər təhsildə növbəti addımların atılmasında, sonrakı fəaliyyət dövründə nəzərə alınacaq: “Təhsil sənədində müəllimlərin peşəkar inkişafı ilə bağlı çox ciddi məsələlər nəzərdə tutulub. Burada bəzən birmənalı olaraq müzakirəsiz qərarın qəbul edilməsi mümkün deyil”.

Təhsil Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə vurğulayıb ki, İsmayıllı rayonunda ilk belə tədbirin keçirilməsi təsadüfi deyil: “Bu rayonda təhsildə yüksək nəticələr əldə olunub, yaxşı məktəblər, müəllimlər və şagirdlər var. İsmayıllı şagirdlərinin qəbul və buraxılış imtahanlarında göstərdikləri nəticələr qənaətbəxşdir”.

Qeyd edək ki, tədbirdə Dövlət Strategiyasında nəzərdə tutulan məsələlər, müəllimlərin inkişafı, müəllimlərin məktəblərdən ayrılmadan peşəkarlığının artırılması, müəllimlərin sertifikatlaşdırılması, müəllim fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması, məktəb direktorlarına tələblər, onların rotasiyası və digər məsələlər müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR