İran XİN: ABŞ və İsrail Həsən Ruhaninin andiçmə mərasiminə dəvət edilməyib

İran XİN: ABŞ və İsrail Həsən Ruhaninin andiçmə mərasiminə dəvət edilməyib
# 23 iyul 2013 12:01 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasimi avqustun 4-də keçiriləcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, 1979-cu il inqilabından sonra ilk dəfə bir İran prezidentinin andiçmə mərasiminə xarici ölkələrin liderləri dəvət edilir: “Tədbirə qonşu ölkələr başda olmaqla bir çox dövlətin yüksək vəzifəli şəxsləri dəvət edilib. Ancaq ABŞ və İsrail Həsən Ruhaninin andiçmə mərasiminə dəvət olunmayıb. Böyük Britaniyaya gəldikdə isə Avropa ölkələri arasında heç bir fərq qoyulmadan hamısına dəvətnamə göndərilib”.

A.Əraqçı Səna şəhərində İranın Yəməndəki səfirliyinin əməkdaşının qaçırılması məsələsinə də toxunub: “Nurəhməd Nikbəxtin vəziyyəti ilə bağlı heç bir məlumatımız yoxdur. İran XİN məsələ ilə yaxından maraqlanır. İran diplomatının can təhlükəsizliyindən Yəmən rəhbərliyi məsuliyyət daşıyır. N. Nikbəxtin ən qısa zamanda sərbəst buraxılacağına ümid edirik”. “Əl-Qaidə”nin bu hadisədə əlinin olub-olmadığı sualına cavabında isə sözçü deyib ki, bəzi qrupların adları çəkilsə də, ancaq hələlik dəqiq məlumat olmadığı üçün bu barədə danışmaq istəmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR