Komitənin aparat rəhbəri: “Bu ilin birinci yarımilində uşaq əməyindən qeyri-qanuni istifadəyə dair 3 hal qeydə alınıb” - MÜSAHİBƏ

Komitənin aparat rəhbəri: “Bu ilin birinci yarımilində uşaq əməyindən qeyri-qanuni istifadəyə dair 3 hal qeydə alınıb” - <span style="color: red;">MÜSAHİBƏ
# 01 oktyabr 2013 12:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Səfər İmanovun APA-ya müsahibəsi

- Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkədəki ailə, qadın və uşaq sahəsində hansı konkret tədbirlər həyata keçirir?

- Bildiyiniz kimi, komitənin başlıca vəzifəsi dövlətimizin ailə siyasətini həyata keçirmək, öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaqdır. Fəaliyyətimizlə bağlı qeyd etmək istərdim ki, biz qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində prioritet əhəmiyyət daşıyan məsələləri nəzərdə saxlayaraq onların aradan qaldırılması istiqamətində məlumatlandırıcı və maarifləndirici tədbirlər həyata keçiririk. Erkən nikah, qızların təhsildən yayınması halları, qadın iştirakçılığının genişləndirilməsi, məişət zorakılığı, reproduktiv sağlamlıq, insan alveri, qadın sahibkarlığının inkişafı, kənd qadınlarının məşğulluğunun artırılması və s. bu kimi problemlərin öyrənilməsi və onların aradan qaldırılması istiqamətində ardıcıl iş aparılır. 11 regionda Uşaq və Ailələrə Dəstək mərkəzləri fəaliyyət göstərir ki, bu mərkəzlərin göstərdiyi hüquqi, sosial-psixoloji xidmətlərdən də 30 min insan, xüsusilə, həssas və risk qrupuna daxil olan qadın və uşaqlar yararlanıb. Komitə fəaliyyəti istiqamətində bir çox dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirir. Nümunə üçün deyim ki, məhz elə bu gün 2011-ci ildə başlamış Fransa Respublikası Sosial Birlik üzrə Baş Direktorluğu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birgə keçirilən “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həssas ailələr, qadınlar və uşaqların hüquqlarının müdafiəsi sahəsində imkanlarının artırılması” adlı Tvinninq layihəsinin yekun konfransı keçirilib. Eyni zamanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı (2013-2015-cı illər)”nı imzalanıb.

Statistik məlumatlara əsasən, 15 yaşa qədər iqtisadiyyatda məşğul olan uşaqların sayı əgər 2008-ci ildə 10 100 nəfər idisə, 2010-cu ildə 6200 nəfərə enib. Uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı ilbəil azalaraq, 2012-ci ildə 5 hal, cari ilin birinci yarımilində isə 3 hal qeydə alınıb.

- Sizin əməkdaşlarınızdan biri Azad Vəliyev (ədəbi-bədii sferada Azad Qaradərəli kimi tanınır) belə bir məlumatla çıxış edib ki, rəhbərlik onu işdən çıxmağa təhrik edib. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik...

- İlk əvvəl qeyd etmək istərdim ki, bizim komitə öz əməkdaşlarının fəaliyyətinin təkmilləşdirilməsi, peşəkarlığının artırılması üçün hərtərəfli dəstək göstərir, lazımı imkanlar yaradır. Məlumat üçün bildirmək istəyirəm ki, Azad Vəliyev 11 iyul 2012-ci ildən Komitəyə “İnformasiya və Analitik Araşdırmalar” şöbəsinə işə qəbul olunub. O, həm bədii yaradıcılıqla, həm də rəsmi ona tapşırılan işlə eyni zamanda məşğul olurdu. İki, çox zəhmət və vaxt tələb edən işi birdən yerinə yetirəndə çatışmazlıqlar olurdu. Təəssüflər olsun ki, Azad Vəliyev işlədiyi müddət ərzində həm də komitənin fəaliyyət istiqamətlərini, siyasətini mənimsəyə bilməyib. Hətta bir neçə dəfə verilən tapşırıqları lazımı səviyyədə yerinə yetirmədikdə, rəhbərlik tərəfindən ona xəbərdarlıq da edilib. O özü də belə fəaliyyətin çətinliyini dərk edərək işdən azad olunması haqqında rəhbərliyə ərizə ilə müraciət edib. Beləliklə, Azad Vəliyevin 2013-cü il 1 oktyabr tarixindən öz arzusu ilə “Dövlət qulluğu haqqında” qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilib.

- Komitənin gələcək fəaliyyəti, nəzərdə tutulan layihələr haqqında bir qədər məlumat verərdiniz...

- Bilirsiniz ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı digər sahələrdə olduğu kimi, ailə, qadın və uşaq problemləri istiqamətində də bir sıra böyük həcmli layihələrin həyata keçirilməsinə şərait yaradır. Bununla əlaqədar “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən “Azərbaycan ailəsi Strategiyası”nın, Uşaq Məcəlləsinin və Uşaq Strategiyasının hazırlanması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR