Elnur Aslanov: “Alimlərin sayının süni sürətdə artırılması yolverilməzdir”

Elnur Aslanov: “Alimlərin sayının süni sürətdə artırılması yolverilməzdir”
# 27 dekabr 2013 09:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda gənclərin elmə marağının artırılması üçün real təşəbbüslərə, təkliflərə ehtiyac var. Bu gün alimlərin orta yaşı müəyyən mənada suallar doğurur, çünki bu rəqəm 60 yaş civarındadır”.

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında çıxışında deyib. E.Aslanov qeyd edib ki, ölkədə alimlərin orta yaş həddinin endirilməsinə böyük ehtiyac var. Onun sözlərinə görə, əgər 5 il əvvəl 65 nəfər akademik var idisə, bu il 52 nəfərdir, 5 il əvvəl akademiyanın müxbir üzvlərinin sayı 113 nəfər idisə, indi 100 nəfərdir. Onların yerini dolduracaq gənc mütəxəssislər indidən hazırlanmalı olduğunu deyən şöbə müdiri qeyd edib ki, elmlər və fəlsəfə doktorlarının yaş tərkibi dünya elmi ilə müqayisədə ölkədə təhlükəli həddə qocalma tendensiyasının sürətlənməsindən xəbər verir: “Bu yaxınlarda Təhsil Nazirliyinin açıqladığı statistik nəticələrə əsasən məlum oldu ki, ötən il nazirliyin tabeliyində olan ali təhsil müəssisələrində çalışan 9506 elmi-pedaqoji işçi arasında fəlsəfə doktorlarının sayı 46 nəfər, yəni, 0,48% olub. Təbii ki, alimlərin sayının süni sürətdə artırılması yolverilməzdir. Bunun üçün əlverişli mühit yaradılmalıdır”.

E. Aslanov qeyd edib ki, indi Azərbaycanda milli tərəqqinin əsas yükü dövlətin üzərinə, təxminən 10%-i isə özəl sektorun payına düşür: “Halbuki elmdəki uğurlu nəticələrin praktikada tətbiqi üçün özəl sektor həlledici rol oynayır. Azərbaycanda iqtisadiyyatında da bu gün özəl sektor 83% inkişaf edirsə, görün burada potensial nə qədər böyükdür. Özəl sektor digər sahələrdə olduğu kimi bu sahəyə də öz rolunu artırmalıdır. Dünyada gedən tendensiya budur ki, özəl sektor elmin inkişafına daha çox investisiya ayırır, çünki az məsrəflə çox gəlir götürə bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR