Bu il qış fəsli üçün ümumi proqnoz verilməyəcək

Bu il qış fəsli üçün ümumi proqnoz verilməyəcək
# 10 dekabr 2013 13:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Bu ilin noyabr ayında Serbiyanın paytaxtı Belqrad şəhərində Ümumdünya Meteoroloji Təşkilatı tərəfindən keçirilən forumda fəsillik proqnoza dair konsensus əldə edilməyib. Ona görə də təşkilata üzv olan ölkələrdə, o cümlədən Azərbaycanda qərara gəlinib ki, proqnoz fəsillik deyil, yalnız bir aylıq verilsin”.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib. O bildirib ki, Ümumdünya Meteoroloji Təşkilatının 5 iqlim mərkəzində fəsillik proqnozlar hazırlanır, hesablanır və 5 fərqli model işlənilir: “Bu il də noyabrın 12-dən 21-dək davam edən forumda qış fəsli üçün 5 iqlim mərkəzi tərəfindən hazırlanan bütün modellər fərqli olub və məlumatlar bir-birinin əksini deyib. Ona görə də Belqradda keçirilən forumda fəsillik proqnoza dair konsensus əldə edilməyib. Buna görə də bu il bütün qış fəsli üçün proqnoz verilməyəcək. Bizim dekabr ayı üçün gözləntilərimiz proqnozda öz əksini tapıb. Dekabrın sonlarında yanvar ayı üçün gözlənilən proqnoz açıqlanacaq”.

U.Tağıyeva qeyd edib ki, dekabr ayının ötən illər və iqlim norması ilə müqayisədə bir qədər soyuq keçməsi gözlənilir: “Bunu da dekabr ayı üçün verdiyimiz proqnozda göstərmişik. Dekabrın birinci 10 günlüyünün nəticələri də göstərir ki, həqiqətən havanın temperaturu bəzi günlərdə iqlim normasından 2-3 dərəcə aşağı olub. Amma bütün qış fəsli üçün proqnoz müxtəlif modellər əsasında verilir. Bu il həmin proqnozlar birmənalı olmayıb və bir-birini təkzib edib. Ona görə də qərara gəlinib ki, qış fəsli ərzində yalnız hər ay üçün bir aylıq proqnoz verilsin. Azərbaycanda da dekabr ayının proqnozu verilib, yanvar ayının proqnozu isə dekabrın sonlarında açıqlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR