“Açıq hökumətin təşviqi”  Koalisiyası Neftçalada ictimai dinləmə keçirib

“Açıq hökumətin təşviqi”  Koalisiyası Neftçalada ictimai dinləmə keçirib
# 02 sentyabr 2013 14:11 (UTC +04:00)

Bakı - APA. Neftçala şəhərində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib.

Tədbir “Konstitusiya” Araşdırmalar Fondu, “Hüquq və İnkişaf” İB, “Prioritet” Sosial İqtisadi Araşdırmalar İB, “Demokratiyanı Öyrənmə” İB, “Azərbaycanda yoxsulluğun azaldılmasına kömək” İB-ni birləşdirən “Açıq hökumətin təşviqi” Koalisiyası Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

“Konstitusiya” Araşdırmalar Fondundan APA-ya verilən məlumata görə, ictimai dinləmədə ictimai fəallar, yerli QHT və KİV nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər. İctimai dinləməyə 150 nəfərdən çox iştirakçı qatılıb.

Tədbiri giriş sözü ilə Neftçala rayon İcra Hakimiyyətinin başçısının müavini Gültəkin Hacıyeva açıb. G. Hacıyeva bildirib ki, son illər Azərbaycan hökuməti dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşların informasiyaya çıxışı imkanlarının genişləndirilməsi, dövlət büdcəsinin vəsaitlərindən istifadəyə ictimai nəzarətin artırılması istiqamətində davamlı təşəbbüslər edir.

Tədbirdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri Əliməmməd Nriyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Ə.Nuriyev qeyd edib ki, əsası Braziliya və ABŞ tərəfindən qoyulan Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün əsas mahiyyəti ondan ibarətdir ki, hökumət vətəndaşlara, ümumilikdə cəmiyyətə açıq olmalıdır. Bu açıqlıq özünü büdcə və maliyyə vəsaitləri üzərində nəzarət, qərarların hazırlanması və icrasında vətəndaş iştirakçılığının, eləcə də informasiyanın açıqlığının təmin edilməsi, yeni texnologiyaların dövlət orqanlarının fəaliyyətində tətbiqi istiqamətində göstərməlidir.

“ASAN xidmət” Mərkəzlərinin fəaliyyəti barədə iştirakçılara məlumat verən Ə.Nuriyev bu tədbirlərin daha çox səmə verməsində vətəndaşların təşəbbüskarlığının əhəmiyyətini önə çəkib. Ölkə rəhbərliyinin korrupsiyaya qarşı mübarizədə, dövlət orqanlarının daha şəffaf, hesabatlı fəaliyyət göstərmələri üçün siyasi iradə nümayiş etdirdiyini vurğulayan Ə.Nuriyev vətəndaşları bu iradəyə söykənərək müşahidə olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün fəal olmağa çağırıb. Natiq vurğulayıb ki, son nəticədə “Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrasının əsas məqsədlərindən biri vətəndaşların mənafelərinin daha yaxşı qorunmasına imkan verəcək. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR