TQDK Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib

TQDK Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib
# 14 may 2013 15:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycanın ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 22, 23, 24 may tarixlərində saat 10:00-dan 17:00-dək aparılacaq. İmtahanda iştirak etmək hüququna 2013-cü il may ayının 15-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər. Rusiya Federasiyası ali məktəblərinə keçiriləcək müsabiqədə iştirak edən abituriyentlər imtahan nəticəsində müvafiq müsabiqə şərtini ödədikləri halda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun müsabiqəsində iştirak edə bilərlər.

Müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər öz seçimləri əsasında TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı mayın 29-da keçiriləcək. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə mayın 31-də keçiriləcək. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

II mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il iyunun 27-də aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus dilindən bilikləri (şifahi və yazılı) yoxlanacaq. “Beynəlxalq iqtisadı əlaqələr fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları MDBƏİ-yə qəbul olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR