“Texnikabank”ın filialının sabiq müdir müavini və digərlərinin şikayəti üzrə məhkəmə davam etdirilib

“Texnikabank”ın filialının sabiq müdir müavini və digərlərinin şikayəti üzrə məhkəmə davam etdirilib
# 23 yanvar 2014 14:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov və digərlərinin apellyasiya şikayəti əsasında məhkəmənin baxış iclası keçirilib.

Vəkil Fəxrəddin Mehdiyevin APA-ya verdiyi məlumata görə, prosesdə müdafiə tərəfi məhkəmənin istintaqla aparılması, əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər veriblər. Məhkəmə vəsatətlərlə bağlı belə qərara gəlib ki, proses zamanı zərurət olarsa, həmin şahidlər çağırılıb dindiriləcək, zəruri istintaq hərəkətləri aparılacaq.

Proses yanvarın 30-da davam etdiriləcək.


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olan digər şəxslər 7 ildən 8 ilə qədər müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə azadlıqda olan Nicat Abdullayevin də həbsinə qərar verib. N. Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Cinayət işi üzrə azadlıqda olan digər şəxslərə isə məhkəmə şərti cəza təyin edib. Şərti cəza alanlardan başqa digər şəxslər hökmdən apellyasiya şikayəti veriblər.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə həbs edilən “Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Xəstəliyin E. Əliyevin proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.

Həbsdə olan sabiq filial müdiri Azər Cəfərlinin işi də xəstəliyi ilə əlaqədar ayrıca icraata verilib.

Xatırladaq ki, Elnur Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR