Xələf Xələfov Beynəlxalq Anti-korrupsiya Akademiyasının icraçı direktorunu qəbul edib

Xələf Xələfov Beynəlxalq Anti-korrupsiya Akademiyasının icraçı direktorunu qəbul edib
# 30 iyun 2014 14:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda səfərdə olan Beynəlxalq Anti-korrupsiya Akademiyasının icraçı direktoru Martin Kreutneri qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə X.Xələfov Azərbaycan hökuməti tərəfindən milli və beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizəyə xüsusi önəm verildiyini qeyd edib.

O, qlobal xarakter daşıyan bu təhlükəyə qarşı beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini deyərək, Azərbaycanla Beynəlxalq Anti-korrupsiya Akademiyası arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib.

Korrupsiyaya qarşı mübarizə sahəsində milli səviyyədə görülmüş tədbirlərdən danışan X.Xələfov ümumilikdə dövlət strukturlarının fəaliyyətində şəffaflığın təmin edildiyini, Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi – “ASAN” xidmətin yaradıldığını, vətəndaşlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırıldığını və Azərbaycan Respublikasının Baş prokurorluğu nəzdində Korrupsiyaya qarşı baş mübarizə idarəsinin təsis edildiyini diqqətə çatdırıb.

M.Kreutner isə Azərbaycanın Beynəlxalq Anti-korrupsiya Akademiyası ilə əməkdaşlığının yüksək qiymətləndirildiyini və Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsindəki milli təcrübəsinin təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlərdən biri kimi bəyan etməsini və bu çərçivədə bu gün Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusundakı konfransın keçirilməsini, eləcə də ölkəmizin Beynəlxalq Anti-korrupsiya Akademiyasına üzv dövlətlərin assambleyasının III sessiyasına ev sahibliyi etməsini Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səyləri yaxından dəstəkləməsinin bariz nümunəsi kimi xarakterizə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR