Humay Qədimova: "Tardan imtina etməyə haqqım yoxdur" - VİDEO

Humay Qədimova: "Tardan imtina etməyə haqqım yoxdur" - <span style="color: red;">VİDEO
# 24 dekabr 2013 07:17 (UTC +04:00)

Bakı - APA. “Musiqiyə həvəs ailəmdən gəlib. Məni fortepiano, qardaşımı tar sinfinə qoydular. Mən bir neçə sinifdən sonra anladım ki bu alət mənlik deyil. Qardaşımın evdəki tarını götürüb özüm öyrənməyə başladım. Fortepiano sinfini də yarımçıq qoymadım. Bitirəndən sonra tar sinfini də seçdim”. Bu fikirləri APA TV-də yayımlanan “Bunker” verilişinin qonağı olan tarzən Humay Qədimova deyib.

O kasıb ailənin övladı olduğunu vurğulayıb: “Bizim ailə kasıb idi. İstənilən aləti almağa imkan yox idi. O səbəbdən istədiyimiz aləti öyrənmək işində bir az çətinlik var idi. Qardaşım tar sinfini bitirəndən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul oldu. Amma sonra sənətlə tamam vidalaşdı. İndi sənəti ailədə mən davam etdirirəm. Əslində qardaşım məndən istedadlı və bacarıqlıdır. Narahat olmadım ki, məni tarçalan kimi qəbul eləyəcəklər. Ailəmdə narahatlıq daha çox idi. Qardaşım da deyirdi ki, tar qadına uyğun alət deyil. Ətrafda deyəcəklər ki, qızdır, amma tar çalır. Bu sənətin ardı ilə öz istəyimlə getdim. Bilirəm ki, çoxlarından çox şanlıyam. Tarım çoxdur evdə. Artıq sayını bilmirəm. Ud da var. Mən ud çalmağı da sevirəm. Qaval, fərqli tarlar, saz, ud, türk sazı da var. Udla tar arasında quruluş fərqi var. Tarda 22 pərdə olur. Udda bu yoxdur. Udu hissiyyatı yüksək olan insanlar çala bilir. Ud nə tara, nə saza bənzəyir, tam başqa alətdir. O alətə yaxınlaşanda adama elə gəlir ki, yaşlı bir adama yaxınlaşıb məsləhət alırsan. Onun səsi adamı düşünməyə məcbur edir”.

“Bəzi tar ifaçıları deyir ki, bir az əhvalımız yaxşı olmayanda tarda ifa edirik, üstümüzdəki ağırlıq keçib gedir. Mən tar çala bilsəm də, o vəziyyətdə olanda udu seçirəm. Elə şeylər olur ki, heç kimlə bölüşə bilmirsən, sadəcə oturub ud çalmaq yetir. Tar o vaxt oxumur ki, ifaçı onu dinləndirməyi bacarmasın. Bu məndə də olub. İfaçıdan çox şey asılıdır. Bəzən o əhvalda olmaya bilərsən. Ya da alətdə bir problem ola bilər. O aləti hər yerdə ifa etmək olmaz. Tarın öz qaydaları var. Yuxudan duran kimi ifa eləmək alınmaz. Ola bilər ki, sifariş verən insanlar sevdikləri üçün musiqinin bu alətdə səsləndirilməsini istəyirlər. Demirəm ki, tarın imkanları azdır. Belə deyil. Sadəcə musiqilər var ki, onlar tar üçün deyil. Bizim rənglərimiz, təsnif və muğamlarımız var ki, tarda ancaq onlar səslənib. Biz tarı bayağılaşdıra bilmərik. Mən belə düşünürəm”.

“Tarın ifaçını dolandıra bilib-bilməməsi sualına axır zamanlar tez-tez rast gəlirəm. Əslində mən narazı deyiləm. Şükür, mən bilirəm ki, başqa sahələrdə də özümü sınasam alınacaq. Özümü doğruldacağam, amma bu sahəni sevirəm. Başqa yerə ayrılmaq istəmirəm. Nə olursa, yaxşılığa doğru olur. Həmişə şükür eləmək lazımdır. İfaçılıqla da məşğulam. Amma əsas işim tardır. Mən 9 ildir pedaqoji fəaliyyətlə də məşğulam. Tələbələrim var. Tarı qoyub ayrılmağa bir də bu üzdən ixtiyarım yoxdur. Həm də məni tar tanıdıb. Tar və oxumaq kömək edir deyəndə, bəlkə də mən onlara köməklik edirəm. Hərdən olur ki, ifaçı mahnının kökünə toxunur, düz ifa etmir, yan keçir. Bu anda bəzən ifaçının köməyinə çatmaq lazım gəlir. Mənim təhsil aldığım müəllimlərim mənə köməklik etməyin qaydasını, yolunu öyrədiblər. Biz gələcəyə nümunəyik. Biz necə etmişiksə, onlar da elə edəcək. Səhv ifa etmişiksə, onlar da səhv edəcək və səhv oxuyacaqlar. Necə ki, bizdən əvvəlki nəsil böyük məktəb qoyub gedib. Şövkət xanım, Zeynəb xanım, Gülağa müəllim və sair. Biz indi də onlardan öyrənirik. Çalışıb o cür nümunə olmaq lazımdır”.


“Mən indiki tarzənlər kimi ola bilmərəm. Əvvəla ona görə ki, onlar kişi ifaçıdır. Amma mən hamısını dinləyirəm, Ramiz Quliyevi, Möhlət Müslümovu, Firuz müəllimi. Hər biri dinləməyə layiq sənətçilərdirlər. Bizim sənətkarlarımız çoxdur və böyükdür. Onlardan hər zaman nə isə öyrənmək olur. Qadın tar ifaçılarından mən yalnız Ceyran Haşımovanı görmüşəm. Tarla həm ifa edib, həm də oxumaq gözəl olar. Mən bunu etmişəm. Elmira Rəhimovanın repertuarında "İntizardayam" adlı mahnı var, onu özünə məxsus ifa etmişəm, pis deyil. Bunu udla etmək də maraqlı olar və bunu da edəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR