Sabah Orxan Zeynalovun məhkəməsi başlayır

Sabah Orxan Zeynalovun məhkəməsi başlayır
# 17 iyun 2014 11:59 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı müəyyən olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Orxan Zeynalovun işi üzrə məhkəmənin ilkin hazırlıq iclası iyunun 18-də keçiriləcək. Cinayət işinə Moskva Şəhər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, cinayət işinin istintaqını aparan müstəntiqlər Orxan Zeynalovun Yeqor Şerbakovun qətlində iştirakının sübuta yetirildiyi qənaətinə gəliblər. İstintaqın versiyasına əsasən 2013-cü ilin oktyabrın 10-da sərxoş vəziyyətdə olan Orxan Zeynalov əhəmiyyətsiz səbəbi bəhanə edərək 25 yaşlı Moskva sakini Yeqor Şerbakovu bıçaqla qətlə yetirib. İstintaqla müəyyən olunub ki, bıçaq yaralarından başqa Orxan Zeynalov əlləri ilə Y. Şerbakova azı 20 dəfə zərbə endirib.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR