Şəkidə Mövlana Cəlaləddin Rumi və Seyid Yəhya Şirvaniyə (Bakuvinin) həsr olunmuş beynəlxalq konfrans keçirilib

Şəkidə Mövlana Cəlaləddin Rumi və Seyid Yəhya Şirvaniyə (Bakuvinin) həsr olunmuş beynəlxalq konfrans keçirilib
# 21 dekabr 2013 19:57 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Mövlana Cəlaləddin Ruminin vəfatının 740-cı ildönümü və Seyid Yəhya Şirvaninin (Bakuvinin) 550 illik yubileyi münasibətilə Şəkidə “Mövlana Cəlaləddin Rumi və Seyid Yəhya Şirvani perspektivində Azərbaycandan Anadoluya irfan yolu” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gəncliyə Yardım Fondu və Yunus Əmrə Türk Mədəniyyət Mərkəzitərəfindən təşkil olunmuş tədbirdə Şəki rayon İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Azərbaycan və Türkiyənin tanınmış alimləri, müəllim və tələbələr iştirak ediblər.

Konfransda çıxış edənlər Azərbaycan ilə Türkiyənin tarixi birliyindən danışıb, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamını xatırladıb.

Bildirilib ki, konfransın mövzusu Azərbaycan və Türkiyənin dünyanın mənəvi nöqteyi-nəzərdən təhlükəsizliyi, saflaşması üçün verəcəyi töhfə ilə bağlıdır. Bu töhfə ölkələrimizdə əsrlər boyu kök salmış irfan adət-ənənəsidir, irfan adət-ənənəsi üzərində qurulmuş milli mənəvi dəyərlərdir. Bu ənənəni və mənəviyyatı əks etdirən Mövlana Cəlaləddin Rumi və Seyid Yəhya Şirvaninin arasında olan bağlılıq Azərbaycan, Türkiyə milli mənəvi birliyinin göstəricisidir. Hər ikisi türk dünyasının böyük dühalarıdır. Onların bəşəriyyətə bəxş etdikləri fəlsəfələr tolerantlıq üzərində qurulub.

Konfransda o da qeyd edilib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO tərəfindən 2013-cü ilin “Seyid Yəhya Bakuvi ili” elan edilib və bununla da dünya müstəvisində Seyid Yəhya Şirvani xəzinəsinə dərindən baxış üçün geniş imkanlar yaradılıb.

Sonra alimlərdən Necdet Tosun “Mövlanadan Yəhya Şirvaniyə irfan yolu”, Şəfəq Əlibəyli “Mövlana şeirində təzad ifadə edən irfani istilahlar”, Osman Nuri Küçük “Mövlananın təlimlərində insan yetişdirmə sənəti”, Mehmet Rıhtım “Azərbaycandan Anadoluya daşınan Seyid Yəhya Şirvani məktəbi” mövzularında məruzələr dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR