Rövnəq Abdullayev: «Rusiyanın Azərbaycan neftinin tranzitini dayandırması bizim üçün gözlənilməz olmadı» - YENİLƏNİB II

Rövnəq Abdullayev: «Rusiyanın Azərbaycan neftinin tranzitini dayandırması bizim üçün gözlənilməz olmadı» - <span style="color: red;">YENİLƏNİB II
# 15 may 2013 12:45 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan neftinin Rusiya ərazisi ilə indiki şərtlərlə tranzit nəqli 2013-cü ilin sonunadək davam edəcək. Paralel olaraq ilin sonunadək neftin Rusiya ərazisi ilə nəqlinin kommersiya şərtləri ilə həyata keçirilməsi ilə bağlı danışıqlar aparılacaq. Tərəflər arasında bununla bağlı razılıq əldə olunarsa, artıq 2014-cü ildən ildən etibarən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli kommersiya şərtləri əsasında davam etdiriləcək.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Qeyd edək ki, indiyədək Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış saziş əsasında həyata keçirilirdi. Sazişə əsasən, Bakı-Novrossiysk kəməri ilə neftin 1 tonunun nəqli 15,67 ABŞ dollarına və ya 1 barelinin nəqli 2,4 dollara başa gəlirdi.

R.Abdullayev bildirib ki, Rusiya hökumətinin bu müqaviləni ləğv etməsi Azərbaycan tərəfi üçün gözlənilməz olmayıb: «Bu məsələ ilə bağlı ARDNŞ və «Transneft» (Bakı-Novorossiysk kəmərinin operatoru) arasında müzakirələr artıq bir neçə ildir davam edirdi».

ARDNŞ rəhbərinin sözlərinə görə, vaxtı ilə bu kəmərin işə düşməsi Azərbaycanın ilk neftinin nəqlinə imkan verib. Amma ötən vaxt ərzində Azərbaycanın tranzit imkanları genişlənib: «Hazırda Azərbaycan nefti Bakı-Ceyhan, Bakı-Supsa kəmərləri, eləcə də dəmir yolu ilə nəql oluna bilir». Nəticədə, son illər Bakı-Novorossiysk kəməri ilə ildə 2,5 mln. tona yaxın neft nəqli edilib. Müzakirələrdə «Transneft» şirkəti Azərbaycan tərəfinə bəyan edib ki, kəmərlə bu həcmdə neftin nəqli onun üçün ildə təqribən 50 mln. dollar itkilərə səbəb olur.

R.Abdullayev Azərbaycanın «Transneft»in bu arqumentlərini qəbul edib: «Biz də bilirik ki, bu müqavilənin imzalandığı 1996-cı ildən sonra çox şey dəyişib və kəmərin tarifləri onların xərclərini ödəmir, onlar da böyük itkilərlə üzləşirlər». Bununla yanaşı, Azərbaycan tərəfi Rusiyaya bəyan edib ki, kəmərlə neftin nəqli hökumətlərarası sazişlə tənzimləndiyinə görə, Azərbaycan burada nəzərdə tutulandan artıq ödəniş apara bilməz: «Hətta bu qiymətin üzərinə 1-2 sent də əlavə etmək və bu itkiləri kompensasiya etmək imkanı yoxdur». Nəticədə, Rusiya tərəfi müqaviləyə uyğun olaraq 6 ay əvvəlcədən xəbərdarlıq etməklə müqaviləni dayandırıb.

R.Abdullayev bunun iqtisadi qərar olduğunu və burada heç bir siyasi amilin olmadığını vurğulayıb: «Bu, iqtisadi qərardır və biz bunu anlayışla qarşılayırıq».

ARDNŞ prezidentinin sözlərinə görə, 2013-cü ilin sonunadək Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli əvvəlki şərtlərlə davam edəcək, paralel olaraq ARDNŞ və «Transneft» arasında neftin nəqlinin kommersiya şərtləri ilə bağlı müzakirələr aparılacaq, gələn ildən isə neft Rusiya ərazisi ilə kommersiya şərtləri ilə nəql edilə bilər.

R.Abdullayev bildirib ki, müqavilənin ləğvi Azərbaycan neftinin dünya bazarlarına nəqlinə problem yaratmayacaq: «Biz Bakı-Novorossiysk kəmərini Azərbaycanın neftinin nəqlində diversifikasiya imkanlarından biri kimi qəbul edirik və bir neçə ildir ki, bu kəmərlə neftin nəqli də diversifikasiya məqsədi daşıyıb».

Onun sözlərinə görə, hazırda Azərbaycanın öz neftini digər kəmərlərlə nəql etmək imkanları kifayət qədərdir: «Bakı-Ceyhan kəməri öz gücünün 70-80%-i ilə, Bakı-Supsa isə 80%-i ilə işləyir. Bundan başqa, neftin dəmir yolu ilə nəqli imkanları da var».

R.Abdallyev qeyd edib ki, neftin kommersiya şərtləri əsasında tranziti zamanı nəqletmə tarifləri indikindən (15,67 dollar/ton) daha yüksək ola bilər, amma hər şey danışıqlardan asılı olacaq. Belə ki, Azərbaycan tərəfi bu danışıqlarda bəzi məsələləri, o cümlədən keyfiyyət bankı məsələsini qaldırmaq niyyətindədir. Məsələ bundadır ki, Bakı-Novorossiysk kəməri ilə Azərbaycan nefti ilə yanaşı, Rusiyanın «Urals» və Qazaxıstan nefti nəql olunur. Nəql prosesində neft sortları bir-birinə qarışdığına görə, nəticədə daha keyfiyyətli olan Azərbaycan nefti Novorossiyskdan keyfiyyətcə aşağı və qiyməti nisbətən ucuz olan «Urals» markası adı ilə satılır. Bu da Azərbaycan tərəfinin itkilərinə səbəb olur. «Biz baxacağıq, əgər sərfəli olsa, bu işi davam etdirəcəyik. Biz «Transneft» şirkətinə uzunmüddətli əməkdaşlığa görə təşəkkür edirik və bundan sonra da əməkdaşlıq etmək niyyətindəyik».

Qeyd edək ki, Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib. Qərar Rusiyanın baş naziri Dmitri Medvedyev tərəfindən mayın 5-də imzalanıb və dünən KİV-də dərc olunub.

Qərarla həmçinin Rusiya Xarici İşlər Nazirliyinə bununla bağlı Azərbaycan tərəfini məlumatlandırmaq tapşırığı verilib.

Xatırladaq ki, Azərbaycan nefti Rusiya ərazisi ilə Bakı-Novorossiysk kəməri vasitəsilə nəql olunub.

Rusiyanın «Transneft» şirkətinin təmsilçisi İqor Dyomin bildirib ki, rəsmi Bakı «Rusiya və Azərbaycan arasında imzalanan Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə tranziti haqqında» hökumətlərarası sazişin şərtlərini son 5 ildə yerinə yetirməyib və sənəddə nəzərdə tutulandan 2 dəfə az neft tranzit edib.

Onun sözlərinə görə, sazişin şərtlərinə görə, Azərbaycan ildə 5 mln. ton neft tranzit etməli olsa da, faktiki olaraq 2 mln. ton neft tranzit edib: «Tranzitdən əldə olunan gəlirlər «Transneft»in neft boru sisteminin tələb olunan texnoloji vəziyyətdə saxlanmasına xərclənən vəsaitləri ödəmirdi. «Transneft» eyni zamanda icraçı olaraq sazişdə nəzərdə tutulan tariflərin parametrlərini də dəyişdirə bilmirdi. Çünki tarif parametrləri hökumətlərarası sazişlə müəyyənləşmişdi. Gələn ildən «Transnfet» şirkəti Azərbaycan neftini kommersiya müqaviləsi əsasında tranzit edəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR