Ağdamda müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evi istifadəyə verilib - FOTOSESSİYA - VİDEO

Ağdamda müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evi istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 aprel 2014 10:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilib.

Qurumun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin, müharibə veteranları və əlillərinin, şəhid ailələrinin rifah halının yüksəldilməsinin İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb.

S. Müslümov bildirib ki, ötən ay prezidentin fərman və sərəncamlarla əsasən, 86 452 nəfər şəxsin müavinəti və təqaüdü əhəmiyyətli dərəcədə artırılıb. İlin sonuna kimi qeyd olunan artımlara 19 mln. manat vəsait sərf ediləcək.

Nazir bildirib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin minik avtomobilləri ilə təmin olunması istiqamətində tədbirlərin görüldüyünü bildirib. Son üç həftə ərzində bu ilin əvvəlinədək növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən artıq 300 nəfəri avtomobillə təmin edilib, digər növbədə olanların isə avtomobilə təminatının gələn ayın sonunadək başa çatdırılacaq. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtomobil nəqliyyatı ilə tam təminatı üçün müvafiq tədbirlər həyata keçiriləcək.

S. Müslümov vurğulayıb ki, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Ağdam rayonu ilə yanaşı, cari ildə Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evləri nazirliyin saytında ictimaiyyətə aşıqlanan növbəlilik əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.

Qurum rəhbəri Ağdam rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu rayonun və Ağcabədi, Laçın, Bərdə rayonlarının sakinlərini qəbul edib.

Ümumilikdə 80 nəfərə yaxın vətəndaş fərdi qaydada qəbul olunaraq müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb. Müraciətlərdə imtiyazlı şəxslərin mənzil və minik avtomobilləri, sanator-kurort yollayışları, reabilitasiya vasitələri, bərpa-müalicə xidməti ilə təmin olunması məsələləri üstünlük təşkil edib. Əvvəlki dövrlərdən fərqli olaraq, ünvanlı dövlət sosial yardımı, əlillik təyinatı ilə bağlı müraciətlər kəskin şəkildə azalıb.

S. Müslümov müraciətlərinə uyğun olaraq ayrı-ayrı imtiyazlı şəxslərin bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanator-kurort yollayışları ilə təmin olunması barədə tapşırıqlar verib. Nazir vətəndaşların diqqətinə çatdırıb ki, hazırda bu və ya digər sosial təminat növündən istifadə etmək üçün tələb olunan sənədlərin siyahıları nazirliyin rəsmi saytında təqdim olunur. Həmin sənədləri təqdim edən şəxslərin müraciətləri üzrə sosial təminatında heç bir problem yoxdur. Qəbul zamanı aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququnun olub-olmamasının araşdırılaraq müvafiq qərar qəbul olunması, eləcə də əlillik qrupu almaq üçün müraciət edən şəxslərin əlillik vəziyyətinin müəyyən olunması tapşırılıb. Tapşırıqlarda vətəndaşların müraciətlərinə səhlənkar yanaşan əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi də əksini tapıb.

S. Müslümov əlil və şəhid ailələri üçün bir sıra bölgələrdə olduğu kimi, Ağdam və Bərdə rayonlarında da yeni çoxmənzilli yaşayış binalarının inşa olunduğunu deyib: “Artıq bu gün Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış binasındakı mənzillər növbəlilik üzrə əlil və şəhid ailələrinə təqdim olundu. Digər binalardakı mənzillər də Nazirliyin rəsmi internet saytında təqdim olunan mənzil növbəliliyi siyahısı əsasında paylanacaq. Sonrakı mərhələdə isə biz şəhər yerlərində mövcud olan mənzil fondlarından əlil və şəhid ailələri üçün mənzillər alınıb verilməsi qaydasını tətbiq etməyi qərara almışıq. Belə yanaşma əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün də məqsədyönlü olacaq”.

Qəbul zamanı nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR