AMEA-nın yeni Nizamnaməsi hazırlanıb

AMEA-nın yeni Nizamnaməsi hazırlanıb
# 27 iyun 2014 15:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizamnamə Komissiyası öz işini başa çatdırıb. APA-nın xəbərinə görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Nizamnamə Komissiyası il ərzində elmi-tədqiqat institutlarından, tanınmış alimlərdən alınmış təklifləri müzakirə edib. AMEA-da müstəqillik illərində yaradılmış regional elmi bölmələr və mərkəzlərin fəaliyyətinin, həmçinin son illərdə genişlənməkdə davam edən beynəlxalq əlaqələrin, innovasiya və sahibkarlıq fəaliyyətinin, əmlak və maliyyə məsələlərinin nizamnamə ilə tənzimlənməsilə əlaqədar olan müddəalar haqqında ilk dəfə olaraq Nizamnamədə yeni bölmələr əsasında kompleks müddəalar müəyyən olunub.

AMEA-nın yeni Nizamnaməsi 9 aprel və 11 iyun tarixlərində Rəyasət Heyətinin iclaslarında geniş müzakirə edilərək daha da təkmilləşdirilib. Bundan əlavə, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda hüquqşünas alimlərin iştirakı ilə yeni Nizamnamənin müzakirəsi keçirilib. Akademiyanın Hüquqi təminat şöbəsinin təklifləri də nəzərə alınıb.

Bütün bunlardan sonra AMEA-nın yekun layihəsi akademiyanın Ümumi Yığıncağının müzakirəsinə təqdim olunub.

Təqdim edilən sənəd AMEA-nın müstəqillik dövründə hazırlanmış əsas Nizamnamə layihəsidir. AMEA-nın hazırda 16 bölmədən və 176 maddədən ibarət olan yeni Nizamnaməsi isə yeni mərhələdə ölkəmizdə elmi daha da inkişaf etdirməyə, geniş islahatlar keçirməyə təminat verməlidir. AMEA-nın yeni Nizamnamə layihəsi akademiyanın ümumi yığıncağında müzakirə edilib qəbul olunduqdan sonra təsdiq üçün qurumun prezidentinə təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR