Azərbaycan bəzi malların idxalını gömrük rüsumundan azad edəcək

Azərbaycan bəzi malların idxalını gömrük rüsumundan azad edəcək
# 18 aprel 2013 09:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bu gün Milli Məclisin iqtisadi siyasət komitəsində müzakirə olunan, parlamentə Prezident Administrasiyasından daxil olan yeni «Gömrük tarifi haqqında» qanun layihəsində bir sıra malların gömrük rüsumundan azad edilir.

Layihədə qeyd olunur ki, gömrük rüsumlarından müəyyən yükləri, baqajları və eyni zamanda dənizdə balıq ovlayan Azərbaycan gəmilərini və Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat, tədarük malları, yanacaq, ərzaq, dərman və digər məhsullar gömrük rüsumundan azad edilir. Eyni zamanda Azərbaycanın milli valyutası, xarici valyuta və qiymətli kağızlar gömrük rüsumundan azad edilir.

Həmçinin, miqrantların sərhəddən keçərkən şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətləri gömrük rüsumundan azad olunur.

Layihədə eyni zamanda bildirilir ki, istehsal ehtiyaclarının yerli xammal hesabına ödəmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etmək məqsədi ilə istehsal təyinatlı xammalın və müasir texnologiyanı təmin edən avadanlığın idxalına konkret dövr üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər.

Gömrükdən keçirilən zaman hər hansı mala gömrük əməkdaşı tərəfindən düzgün olmayan dəyər təklif edilərsə və məhkəmə bəyannaməçinin mövqeyinin düzgün olduğunu hesab edərsə bəyannaməçiyə dəyən zərər və malın dəyərinə edilən düzəlişlər bunu təklif edən vəzifəli gömrük əməkdaşının tutulmaqla bərabər həmin şəxs eyni zamanda intizam məsuliyyətinə cəlb olunur.

Müzakirələr zamanı deputat Vahid Əhmədov bildirib ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üçün intensiv danışıqlar gedir, bir sıra problemlərin həlli də Təşkilata qəbul olunduqdan sonra həllini tapa bilər: «Hazırkı qanunda və burada göstərilən güzəştlər də vacib məsələdir, ona görə də bu sənəd ÜTT-nin tələblərinə uyğun olaraq hazırlanmalıdır».

Komitə sədri Ziyad Səmədzadə isə bildirib ki, daxili bazarı qorumaq, ixracatı artırmaq üçün ölkədə rəqabət qabiliyyətli məhsullar istehsal edilməlidir: «Nə qədər ki rəqabətə davamlı məhsul istehsal edə bilmirik, nə daxili bazarın qorunmasında, nə ixracatda ciddi nailiyyətlər əldə edə bilməyəcik».

Müzakirələrdən sonra yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR