Özbəkistanda Nizami Gəncəvinin büstü restavrasiya edilib

Özbəkistanda Nizami Gəncəvinin büstü restavrasiya edilib
# 05 iyun 2015 14:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə Daşkənddə Azərbaycan şairi Nizami Gəncəvinin büstünün restavrasiyası və büstətrafı ərazinin abadlaşdırılması işi həyata keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistandakı Azərbaycanlılar səfirliyə məktubla müraciət edərək şəhərin mərkəzi hissəsində yerləşən N. Gəncəvinin büstünün, büstətrafı ərazinin təmirə ciddi ehtiyac yarandığını bildirib.

Məsələ ilə əlaqədar olaraq Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən xüsusi komissiya yaradılıb və şairin büstünün restavrasiyaya ciddi ehtiyac olduğu təsdiqlənib.

Aparılan işlər nəticəsində Daşkənddəki Nizami Gəncəvinin büstü restavrasiya edilib, büst ətrafında yerləşən ərazi abadlaşdırılıb, bərbad vəziyyətə düşmüş metlax və mərmər örtüyü yeniləri ilə əvəz olunub, ərazi ətrafının dizaynı yaxşılaşdırılıb.

Qeyd edək ki, N. Gəncəvinin büstü 2004-cü ildə Daşkənddə onun adını daşıyan Dövlət Pedaqoji Universitetinin qarşısında qoyulub. Abidənin açılışında Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR