Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasında “şəffaflıq” mübahisəsi - ARAŞDIRMA

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasında “şəffaflıq” mübahisəsi - <span style="color: red;">ARAŞDIRMA
# 18 noyabr 2014 14:06 (UTC +04:00)

Qubad İbadoğlu: “Qərarlardan narazı olanlar Monitorinq Qrupuna şikayət edə bilərlər”

Bakı. Ramiz Mikayıloğlu - APA. “Qubad İbadoğlunun Müsavat Partiyasından görüb-götürdüyü hər şeyi qəsb etməkdir. Sadəcə, Qubad İbadoğlu fürsətdən istifadə edərək Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasını qəsb etmək istəyir”.

Bunu APA-ya açıqlamasında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) Koalisiyasının təsisçilərindən olan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov söyləyib.

S.Məmmədov deyib ki, Neft Fondunun rəhbəri Şahmar Mövsümov həm də MSŞT Koalisiyasının idarəedici orqan olan Çoxtərəfli Qrupun rəhbəridir. Çoxtərəfli Qrup hər il auditoru, validatoru təyin edir, yəni prosesin idarəedici qrupudur. Çoxtərəfli Qrupda bərabər sayda biznes, hökumət və QHT-lər təmsil olunur. Koalisiyada bir araya gələn 140-dan çox QHT isə Koalisiyanın Şurasını seçib. 2 il müddətinə seçilən Şurada Qubad İbadoğlu, Əliməmməd Nuriyev, Azər Mehtiyev və digərləri təmsil olunur: “Qubad İdadoğlunun Şurada 5 tərəfdarı var və səs çoxluğu onun tərəfindədir. Şuranın 6 üzvü Şahmar Mövsümovla görüşüb, Şahmar Mövsümov da görüşdə deyib ki, gedin hüquqi şəxs statusu əldə edin, sizə kömək edəcəyəm. Deməyib ki, Qubad İbadoğlu, get, özbaşına QHT yarat, Koalisiyanın bütün səlahiyyətlərini ələ keçir”.

S.Məmmədov nəzərə çatdırıb ki, indiyədək MSŞT Koalisiyası hüquqi şəxs statusu olmayan ictimai birlik kimi fəaliyyət göstərib. Koalisiyanın hüquqi şəxs olması barədə məsələ dəfələrlə təsisçilərin yığıncağında müzakirə aparılıb, amma bir qərara gəlinə bilinməyib: “Hazırda Koalisiyanın 140-dan çox təsisçisi var. Koalisiyanın hüquqi şəxsə çevrilməsi məsələsi təsisçilərin yığıncağının səlahiyyətlərinə aid olan məsələdir. Çünki “QHT-lər, ictimai birliklər və fondlar haqqında” qanuna görə, ictimai birliyin yaradılması təsisçilərin ümumi yığıncağında həyata keçirilə bilər. İndi Qubad İbadoğlu qanunları kənara qoyaraq, öz adından bir neçə Şura üzvü ilə bir yerdə bütün Koalisiyanın adından eyni adlı ictimai birlik - Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü İctimai Birliyi adlı QHT yaradır. Bu, qanuna ziddir və biz də bunu ona izah etməyə çalışırıq”.

Qeyd edək ki, Qubad İbadoğlu “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Myanmada MSŞT Beynəlxalq İdarə Heyəti tərəfindən hökumətin arzulamadığı qərar veriləndən sonra MSŞT Koalisiyasının Şurası yaranmış vəziyyəti müzakirə etmək üçün Şahmar Mövsümovla görüş keçirmək barədə qərar verib. Görüşdə MSŞT Koalisiyasının üzvlərinin bank hesablarına həbs qoyulduğuna görə çıxış yollarından biri kimi yeni ictimai birlik yaradılması təklif olunub. MSŞT Koalisiyasının Şurası da bu təklifi müzakirə edib, səsvermə nəticəsində qərar verib ki, 3 nəfərdən ibarət təsisçi qrup bu işlə məşğul olsun, yeni ictimai birliyin sənədlərini hazırlayıb Ədliyyə Nazirliyinə versin. Q.İbadoğlu onu da qeyd edib ki, qərarda bundan sonra Koalisiyanın maliyyə operatoru funksiyasının həmin QHT-yə həvalə edilməsi də əksini tapıb. Şuranın qərarı ilə Əliməmməd Nuriyevə, Sevil Allahverdiyevaya və ona həmin işlə məşğul olmaq tapşırılıb. O, S.Məmmədovun təsisçilərin siyahısına daxil edilmədiyi üçün səs-küy saldığını da vurğulayıb.

Q.İbadoğlu APA-ya açıqlamasında da S.Məmmədovun səsləndirdiyi arqumentlərlə razılaşmayıb. O deyib ki, S.Məmmədov mətbuata yanlış məlumatlar verməklə öz fikrini əsaslandırmağa və bu mövzunu gündəmdə saxlamağa çalışır: “MSŞT Koalisiyası əvvəlki statusu və proqramı ilə fəaliyyətdədir. MSŞT Koalisiya Şurasının qərarları da Əsasnamə ilə tənzimlənir, son qərar da Əsasnaməyə uyğundur. Qərarlardan narazı olanlar Monitorinq Qrupuna şikayət edə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR