ARDNŞ: Şirkət «Vitess» klubu ilə hər hansı şəkildə əməkdaşlıq etməyib, etmir və belə bir əməkdaşlıq planlaşdırılmır

ARDNŞ: Şirkət «Vitess» klubu ilə hər hansı şəkildə əməkdaşlıq etməyib, etmir və belə bir əməkdaşlıq planlaşdırılmır
# 22 noyabr 2012 15:14 (UTC +04:00)

Bakı - APA-Economics. «Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) həyata keçirdiyi strateji layihələrin uğur qazanması, Şirkətin beynəlxalq miqyasda getdikcə artan reytinqi son günlər yenə də onun işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə çoxdan davam etdirilən sistemli qarayaxma kampaniyasını qızışdırıb». «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Şirkətin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, Azərbaycanda hasil olunan təbii qazın Türkiyə və Avropaya nəql edilməsini nəzərdə tutan Trans-Anadolu qaz boru xətti (TANAP) layihəsi Belçikada Avropa Birliyi rəsmilərinin və Avropa Parlamenti nümayəndələrinin iştirakı ilə müvəffəqiyyətlə təqdim olunduqdan, Azərbaycan Milli Məclisində ratifikasiyadan keçirildikdən dərhal sonra ayrı-ayrı şəxslər və «ictimai təşkilatlar» tərəfindən Şirkətin ünvanına əsassız və uydurma iddialar irəli sürülür.

«Bəzi mətbuat orqanlarında ictimai rəyi çaşdırmaq üçün indi də belə bir məlumat yayılır ki, guya ARDNŞ özünü reklam etdirmək məqsədi ilə Hollandiyanın «Vitess» klubu ilə 10 milyon avro məbləğində sponsorluq müqaviləsi imzalayıb. Azərbaycan Dövlət Neft Şirkəti bildirir ki, həqiqətə qətiyyən uyğun gəlməyən bu informasiyanın heç bir əsası yoxdur, Şirkət «Vitess» klubu ilə hər hansı şəkildə əməkdaşlıq etməyib, etmir və belə bir əməkdaşlıq planlaşdırılmır. ARDNŞ qətiyyətlə bəyan edir ki, öz fəaliyyətində aşkarlıq və şəffaflıq prinsiplərini təmin edir və şirkət tərəfindən onun gündəlik həyatı, istehsalat fəaliyyəti və gələcək planları haqqında mətbuatda mütəmadi olaraq düzgün informasiyalar yerləşdirilir», - deyə ARDNŞ-in rəsmi məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR