Azərbaycan alternativ enerji üçün diferensial tariflər tətbiq edəcək

Azərbaycan alternativ enerji üçün diferensial tariflər tətbiq edəcək
# 21 noyabr 2012 11:40 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda alternativ enerji tarifləri ölkənin əraziləri və istehsal mənbələrindən asılı olaraq dəyişəcək. Bu barədə «APA-Economics»ə məlumat verən Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov bildirib ki, Azərbaycan bu sahədə uzun müddətdir ki, ciddi araşdırma aparır və başqa ölkələrin, o cümlədən Avropa dövlətlərinin səhvlərini təkrar etmək istəmir.

Onun sözlərinə görə, vaxtilə Avropa ölkələri bu sahənin inkişafını stimullaşdırmaq üçün alternativ enerji üçün yüksək tariflər müəyyənləşdirib (hökumət alternativ enerji istehsalçılarından enerjini bu tariflə alır), amma sonradan bu tariflər dövlət büdcəsi üçün əlavə yükə çevrildiyinə görə bu tariflər də tədricən aşağı düşərək ənənəvi enerjinin qiymətinə yaxınlaşıb: «Məsələn, Almaniyada alternativ enerjinin 1 kVt/saatının qiyməti əvvəlcə 60-65 avrosent olduğu halda, indi bu rəqəm 21-22 avrosentə düşüb. Halbuki ənənəvi enerjinin qiyməti 19 avrosentdir».

A.Bədəlovun sözlərinə görə, Azərbaycanda isə alternativ enerji tarifləri vahid olmayacaq. Bu tariflər enerjinin hansı bölgələrdə və hansı mənbədən (günəş, külək, bioqaz) istehsal olunmasından asılı olaraq fərqlənəcək. Bunun üçün ölkənin ayrı-ayrı ərazilərində alternativ enerji yataqları (alternativ enerji imkanları olan ərazilər) və onların faydalılıq əmsalı müəyyənləşdiriləcək: «Azərbaycan üzrə günəş və külək kadastrları qurulmalı və ayrı-ayrı bölgələrdə tariflərin aşağı-yuxarı hədləri müəyyən edilməlidir».

Belə ki, yerindən və növündən asılı olaraq maya dəyəri yüksək olan enerji üçün nisbətən yüksək, daha ucuz başa gələn enerji üçün isə aşağı tariflər tətbiq ediləcək. Azərbaycanda müxtəlif mənbələrdən alınan alternativ enerjinin neçəyə başa gəlməsi ilə bağlı araşdırmalar Qobustanda yaradılmış alternativ enerji poliqonunda aparılır. Müşahidələr göstərir ki, burada alternativ mənbələrdən alınan enerjinin maya dəyəri 4-11 qəpik arasında dəyişir. Amma A.Bədəlovun sözlərinə görə, hələlik bu göstəricilər alternativ enerji tariflərini müəyyən etmək üçün kifayət deyil: «Təsadüfi kənara çıxmaları aradan qaldırmaq üçün araşdırmalar azı iki il davam etməlidir». Şirkət sədri bildirib ki, Azərbaycanda alternativ enerji üçün tarif siyasətinin qurulmasına 2013-cü ilin sonu - 2014-cü ilin əvvəllərində başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR