Azərbaycan prezidenti İlham Əliyev Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib
# 13 avqust 2014 16:51 (UTC +04:00)

APA-nın məlumatına görə, başsağlığında deyilir: “Azərbaycanın elmi-ədəbi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli həkim, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü, tanınmış publisist və ədəbiyyatşünas Cavad Mirzəli oğlu Heyət 2014-cü il avqustun 12-də ömrünün 90-cı ilində vəfat edib.

Cavad Heyət 1925-ci il may ayının 24-də Təbriz şəhərində anadan olub. Orta hərbi məktəbi bitirdikdən sonra Tehran Universitetinə daxil olub, ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943–1946-cı illərdə burada tibb fakültəsində oxuyub.

Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışıb, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləyib. O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik edib. Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoyub. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıdıb. 1969-cu ildə o, Tehranda ilk dəfə transplantasiya əməliyyatını uğurla həyata keçirib. Bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirib.

Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görüb. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olub.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanıb. Onun tədqiqatlarında və publisistik məqalələrindəki əsas fikirlərin böyük qismi təsis etdiyi “Varlıq” jurnalında əksini tapıb.

Cavad Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr verib.

Görkəmli cərrah, tanınmış ədəbiyyatşünas və səmimi insan Cavad Heyətin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!”

Başsağlığını İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Kamal Abdullayev, Fatma Abdullazadə, Akif Əlizadə, Əbülfəs Qarayev, Nazim İbrahimov, Anar Rzayev, Əhliman Əmiraslanov və Nizami Cəfərov imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR