Bakı 2015 Avropa Oyunları “Avropa Oyunları Hər Kəs Üçün” adlı rayon məktəbləri turuna başlayır

Bakı 2015 Avropa Oyunları “Avropa Oyunları Hər Kəs Üçün” adlı rayon məktəbləri turuna başlayır
# 24 oktyabr 2014 08:05 (UTC +04:00)

Bakı - APA. Məktəb şagirdlərini gələn ilin yayında keçiriləcək İlk Avropa Oyunları haqqında məlumatlandırmaq və maarifləndirmək məqsədilə Bakı 2015 Avropa Oyunları bu gün Azərbaycan məktəbləri arasında “Avropa Oyunları Hər Kəs Üçün” adlı ümummilli tura başlayacaq.

APA-nın xəbərinə görə, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) bir qrup işçisindən ibarət komanda növbəti səkkiz ay ərzində ölkənin 57 rayonuna səfər edərək bir sıra təqdimatlar, mühazirələr və idman nümayişləri keçirəcəklər.

Bakı 2015 komandası 500-dən çox məktəbə səfər edərək 14-17 yaş arası ölkə gəncləri arasında Azərbaycanda indiyədək keçiriləcək ən böyük idman yarışları barəsində ətraflı məlumatlandırma işi aparmaqla onları yarışlara həvəsləndirməyi planlaşdırır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, I Avropa Oyunlarının özündən sonra qoyacağı uzunmüddətli irsin bir hissəsi Azərbaycanın ilk inkişaf mərhələsini yaşayan idmançılarının həvəsləndirilməsindən ibarətdir: “Bakı 2015 mesajını ölkədə yaymaqla, Rayon Məktəbləri Turu təşkilatçı şəhərdə insanlarda yaranmış həyəcanı ölkənin rayonlarında da paylaşılmasına kömək edəcək. Bütün Azərbaycan Bakı 2015-in əldə etdiyi nailiyyətlər ilə fəxr edəcək. Ona görə də ölkə gənclərinin Avropa Oyunları barədə ətraflı məlumatlandırılmasına və maarifləndirilməsinə köməklik göstərməyimiz vacibdir”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qeyd edib ki, Bakı 2015 Avropa Oyunları Azərbaycanın tarixində çox mühüm məqamdır: “Biz Oyunlarla bağlı yaşadığımız həyəcan hissini və əldə etdiyimiz irəliləyişlərlə bağlı xəbərləri ölkənin bütün rayonları ilə paylaşmaq istəyirik. Gənclərimiz ilk dəfə olaraq dünya səviyyəli idman obyektlərində keçiriləcək elit idman yarışlarını izləmək imkanı əldə edəcəklər. Biz onların Avropa Oyunları haqqında məlumatlı olması və Oyunlarla bağlı istənilən informasiyanı asanlıqla əldə etməsindən əmin olmaq istəyirik”.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR