Bakıda “Həmkarlar İttifaqlarında qadınların rolunun artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Həmkarlar İttifaqlarında qadınların rolunun artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib
# 02 mart 2015 08:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə “Həmkarlar İttifaqlarında qadınların rolunun artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən AHİK sədrinin müavini Aqil Dadaşov bildirib ki, gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkəsində aktual problemlər sırasında durur. Onun sözlərinə görə, problemin get-gedə daha ciddi xarakter alması isə sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır: “Hətta Avropada kişi və qadın bərabərliyinin siyasi prioritetə çevrilməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox zəifdir. Qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da, kişilərə təklif olunan imkanlar qadınlar üçün eyni dərəcədə əlçatan deyil və onların hüquqlarını tələb etmələri çox vaxt uğursuzluqla nəticələnir. Bəzi ölkələrdə müəyyən sahələrdə işçi qadınlara münasibətdə hətta geriləmə aşkar edilib. Belə ki, mütəxəssislərin hesablamalarına görə, kişi və qadın məvacibləri arasında fərq 20 faizə yaxındır”.

A. Dadaşov deyib ki, Azərbaycan “Qadınların siyasi hüquqları haqqında” və “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyalara qoşulub və ölkənin konstitusiyasında kişi və qadınlara bərabər hüquq və imkanlar verilməsi öz əksini tapıb. O qeyd edib ki, AHİK yarandığı gündən qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştiraklarına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirib.

Sonra Azərbaycanda qadınların əmək bazarında vəziyyəti, qadınların Həmkarlar İttifaqlarında, Pan Avropa Regional Şurasının əhatə etdiyi ölkələrdə aktiv fəaliyyəti və rəhbər vəzifələrdə rolu barədə çıxışlar olub.

Konfrans iştirakçıları müzakirə olunan sahələrdə Gürcüstanın, Bolqarıstanın, Litvanın, Türkiyənin və Qazaxıstanın iş təcrübəsi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR