2 yaşlı APA TV - VİDEO

2 yaşlı APA TV - <span style="color: red;">VİDEO
# 29 may 2015 08:06 (UTC +04:00)

Kimin üçünsə uzun zaman sayılmaya bilər. Amma necə deyərlər, işin içində olanlar qısa vaxt ərzində hansı ağırlığa çiyin verdiklərini yaxşı bilirlər. Əgər söhbət televiziyadan gedirsə, bu ağırlıq həm məsuliyyətə, həm keyfiyyətə, həm də tamaşaçı sevgisinə köklənir. Söhbət bütün bunları dərk edən kollektivdən, bizdən - APA TV-dən gedir...

Yarandığı gündən qarşısına ciddi televiziyaya çevrilmək öhdəliyini qoyan APA TV ailəsi bu 2 il ərzində bayağı şou-proqramlardan uzaq oldu. Əvəzində Azərbaycanda tamaşaçılar analoq televiziya formatında yayım həyata keçirən ilk xəbər yüklü İnternet TV izləməyə başladılar.

Hər sabah saat yarımlıq "Səhər zəngi" ilə sizi yuxudan oyadan proqramda yalnız musiqiyə və əyləncəyə yer ayrılmır. Bu proqramda həm də dünyada və ölkədə baş verən maraqlı, sosial şəbəkələrdə paylaşılaraq rekord baxış sayı qazanan görüntülər də izləyə bilərsiniz.

Bu kiçik "news room"da əsl xəbər fədailəri işləyir. Bəziləri gənc olsalar da, bu 2 ildə xəbər müxbiri kimi "qocalıblar". Onlarla bərabər Azərbaycan teleməkanında öz sözünü demiş reportyorlar da çalışırlar. Müasir teledüşüncə ilə klassik təcrübənin bölüşülməsi APA TV kollektivinin əldə etdiyi uğurlarda başlıca amil kimi qəbul oluna bilər.

APA TV həm də ölkə və dünyada baş verən siyasi-ictimai prosesləri diqqətdə saxlayır. "Panoram", "Manşet" kimi verilişlərdə bu proseslər müstəqil ekspertlərin iştirakı ilə geniş təhlil olunur. Vətəndaşların sosial sahədə maarifləndirilməsinə xidmət edən "Sosium" ən baxımlı verilişlər sırasında yer alır. Bu proqram daha çox tamaşaçıların müraciətləri əsasında hazırlanır. İnsanların sağlamlığı ilə bağlı hazırlanan "Öncə sağlıq" verilişi öz qonaqları və dəyərli məsləhətləri ilə teleməkanda yayımlanan istənilən səhiyyə proqramından daha çox auditoriyaya sahibdir. Milli-mənəvi və dini dəyərlər də unudulmayıb. "Yaşıl orta" verilişi də bu müddət ərzində kifayət qədər tamaşaçı toplaya bilib.

Çəkiliş qruplarımızın İran və Türkiyədən hazırladığı, tarixi ərazilərimizdən və oradakı mədəniyyət nümunələrimizdən bəhs edən filmlər qədim tariximizin öyrənilməsi və araşdırılması baxımından dəyərli efir işləridir. Bu baxımdan Türkiyənin Qars, İğdır, Ağrı vilayətlərindən, İranın Təbriz, Urmiyə, Ərdəbil, Xoy, Meşkin şəhərlərindən, Mazandaran və Gülüstan vilayətlərindən hazırlanan sənədli filmlər xüsusilə tamaşaçı marağına səbəb olub.

Ucuz reytinqli verilişlərdən imtina edən televiziyanın yaradıcılıq şöbəsi tamaşaçılar üçün ölkənin ictimai-siyasi xadimlərinin, mədəniyyət işçilərinin, yazıçıların təqdimatında verilişlər hazırlayır. “İlqar Rəsul və...” proqramında tanınmış ziyalılarımızla səmimi söhbətləri izləyə bilərsiniz. Tamaşaçı zövqünü rəngarəng görüntülərlə oxşayan "Rəng, fırça, palitra" ölkədə və ölkədən kənarda yaşayan rəssamlarımızın yaradıcılığı ilə tanışlıq məqsədi daşıyır. "Ulduz axını"nda məşhurlarımızın keçdiyi ömür-gün, sənət yolu yada salınır, "Ötən əsrin adamları"nda indiki nəslə nümunə olacaq ağsaqqal, ağbirçək məsləhətlərindən bəhs edilir, "Sən demə" verilişində tanınmış insanlarımızın gündəlik həyatının görünməyən tərəfləri göstərilir. Azərbaycan teleməkanında xüsusi olaraq izlənilən "Üç dama"da isə APA TV-nin xanım aparıcıları çox "valet"lərin kartını açıblar. APA TV-nin hazırladığı “Sözsüz” layihəsi isə əslində danışır, kadrları danışdıran isə günün reallıqlarıdır...

Məmləkətin elə bir nöqtəsi yoxdur ki, ora APA TV kameralarının ştativləri toxunmasın. Azərbaycanın istənilən yerində baş verən hər hansı bir hadisəni dərhal tamaşaçıya çatdırmaq əzmində olan TV-nın bölgə müxbirlərinin zəhməti danılmazdır. Planetin bir çox ölkəsində fəaliyyət göstərən xüsusi müxbirlərimiz isə öz intellektləri sayəsində dünyanın istənilən nüfuzlu şəxsindən açıqlamalar və müsahibələr almaq iqtidarındadırlar.

Bu cavan oğlanlar bizim hamıya bir gözlə baxan əməkdaşlarımızdır. Bəli, düz tapdınız, söhbət operatorlarımızdan gedir.

Təbii ki, istənilən TV-də maraqlı verilişlərin ərsəyə gəlməsində rejissorların və montajçıların işi danılmazdır. Onların gözü bəlkə operatorların gözündən də itidir.

APA TV-nin texniki heyəti işə hamıdan tez gəlib, hamıdan gec gedənlərdir. Studiyaların səliqə-sahmanı, təhlükəsizliyi, arxiv materiallarının hər dəqiqə hazır olması onların işidir.

Qarşıdan I Avropa Oyunları gəlir. Bu tədbir qitənin ən böyük idman yarışı olmaqla bərabər həm də Azərbaycanın tanıdılmasına, ölkənin iqtisadiyyatına, dövlətin geostrateji maraqlarına, ən nəhayət, Azərbaycan həqiqətlərinin dünyada qəbul olunmasına xidmət edir. APA TV-nin "Bakı - 2015"lə bağlı hazırladığı "Avropa Oyunları" telelayihəsində bu yarışlara idmançılarımızın hazırlığı və onların qələbə əzminin hansı səviyyədə olması diqqətdə saxlanılır. Bu kontekstdə APA XƏBƏR komandasının Bakıda və Mingəçevirdə istifadəyə verilən idman komplekslərindən hazırladığı geniş reportajları xüsusi vurğulanmalıdır.

Müasir dövrdə informasiya məkanında davamlı rəqabət aparmaq üçün ən vacib şərtlərdən biri prosesə müasir texnologiyaların tətbiqi və internet təhlükəsizliyinin təmin olunmasıdır. APA TV-nin bu yükü holdinqin İT Departamentinin üzərinə düşür. Ötən iki il ərzində onlar üzərilərinə düşən işi artıqlaması ilə yerinə yetiriblər.

Uzaq yolu yaxın, qışı yaya, istirahət vaxtını işə çevirənlər. Onlar daim bütün bu uğurların sükanı arxasında olublar, bizim sürücülərimiz...

Təbii ki, çəkilən zəhmət qiymətsiz qalmır. Bax, bu otağın qapısı APA TV əməkdaşları ilə birgə holdinqin bütün işçilərinin yüksək əhval-ruhiyyə ilə açdığı qapıdır.

APA TV-nin doğum tarixi də maraqlıdır, 29 may... Təxminən bir əsrlik müddəti hesablamasaq, müstəqil Azərbaycan Respublikasından cəmi bircə gün balacayıq. Bu tarixin məsuliyyəti kollektivi həm də dövlətə, dövlətçiliyə, milli maraqlara, insanların maariflənməsinə, nəhayət jurnalist kimi müstəqil və tərəfsiz olmağa səsləyir. Bu yolda bizə uğurlar arzulaya bilərsiniz...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR