«Azəryolservis» ASC Bakı-Rusiya sərhədi və Bakı-Gürcüstan sərhədi avtomobil yollarının 60 kilometrinə baxış keçirib

«Azəryolservis» ASC Bakı-Rusiya sərhədi və Bakı-Gürcüstan sərhədi avtomobil yollarının 60 kilometrinə baxış keçirib
# 02 aprel 2013 07:54 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC tərəfindən Bakı-Quba-Rusiya sərhədi və Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarının 60 kilometrinə baxış keçirilib ki, yol-nəqliyyat hadisələri nəticəsində yol təsərrüfatına ziyanın dəyməsi aşkarlanıb. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, baxış keçirilən yollarda baş verən yol-nəqliyyat hadisələri zamanı yola və yol qurğularına (yol-hərəkət nişanları, göstəricilər, bordyurlar, işıq dirəkləri və s.) ziyan dəyib: «Belə ki, cari ilin yanvar-fevral ayları ərzində Bakı-Quba-Rusiya sərhədi və Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yollarının 60 kilometrinə baxış keçirilib ki, sürücülərin yol-hərəkət qaydalarını pozması nəticəsində 850 poqon metrdən artıq əyri xətli tir (metal təhlükəsizlik səddi) sıradan çıxaraq yararsız hala düşüb. Hadisələrin kim tərəfindən törədildiyi bilinmir».

P.Mürsəliyev onu da əlavə edib ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ümumi uzunluğu 208 km, Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun ümumi uzunluğu isə 513 km təşkil edir: «Metal təhlükəsizlik səddinin qiyməti yerləşdiyi ərazidən və tipindən asılı olaraq 54-155 manat məbləğində dəyişir».

Qeyd edək ki, yol-nəqliyyat hadisələri zamanı yola və yol qurğularına ziyan dəyərkən, «Azəryolservis» və Dövlət Yol Polisinin əməkdaşları, eyni zamanda hadisəni törədən şəxsin iştirakı ilə müvafiq akt tərtib olunur, yola və yol qurğularına dəymiş ziyanın məbləği hesablanır və bu məbləğ sözügedən aktda öz əksini tapır.

Xatırladaq ki, təkcə 2012-ci il ərzində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı yola və yol qurğularına 3 mln. manata yaxın ziyan dəyib və bu günədək yalnız 44 min manatdan bir qədər artıq vəsait (1,5%) ödənilib. Məhkəmənin qətnaməsinə baxmayaraq, hadisəni törətmiş şəxslər ödənişdən boyun qaçırırlar.

Ötən il ölkənin avtomobil yollarında 12 min poqon metr əyri xətli tir, 200 poqon metr bordyur, bir çox yol hərəkət nişanı, göstəricilər, işıq dirəkləri və s. sıradan çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR