«PAŞA Həyat Sığorta» şirkəti yeni strategiyanın icrasına başlayıb

«PAŞA Həyat Sığorta» şirkəti yeni strategiyanın icrasına başlayıb
# 01 fevral 2013 09:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» şirkətinin 2012-ci ildə yığımlarının həcmi 14,697 mln. manat, ödənişləri isə 360 min manat təşkil edib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə şirkətin illik yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirilib.

Əvvəlki illə müqayisədə yığımların həcmi 80%, ödənişlərin həcmi isə 2 dəfə artıb. Bu ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur.

Konfransda bildirilib ki, yığımların 9,432 mln. manatı və ya 64%-i icbari, 5,264 mln. manatı və ya 36%-i könüllü sığorta növlərinin payına düşüb. Şirkətin ölkədə həyat sığortası bazarında fəaliyyət göstərən ixtisaslaşmış 3 sığorta təşkilatının məcmu yığımlarında payı 40%, ödənişlərində payı 9%, nizamnamə kapitalında payı isə 62%-ə bərabərdir.

Konfransda çıxış edən şirkətin risklərin idarə olunması şöbəsinin müdiri Pərviz Quliyev bildirib ki, şirkət 2013-2015-ci illəri əhatə edən strategiyanın həyata keçirilməsi üzrə işlərə artıq başlayıb. Strategiyanın əsas hədəfləri sırasında agentlik və nümayəndəlik şəbəkəsinin genişləndirilməsi və şirkətdə korporativ idarəetmə sisteminin təkmilləşdirilməsidir.

P.Quliyev həmçinin qeyd edib ki, 2013-cü il üçün yığımların həcmi təxminən 17 mln. manat səviyyəsində proqnozlaşdırılır və burada icbari sığortanın payının təxminən 55%-ə qədər endirilməsi nəzərdə tutulur. Bu il ərzində şirkət 4 filial və nümayəndəlik açmağı planlaşdırır.

Yığımların, o cümlədən yaşam sığortası üzrə yığımların investisiya edilməsi məsələsinə toxunan şöbə müdiri vurğulayıb ki, hazırda bu vəsaitlər ən lkivid və etibarlı alət hesab olunan bank depozitləri formasında saxlanılır, çünki yerli fond bazarında hazırda ən etibarlı qiymətli kağızlar üzrə gəlirlik çox aşağıdır.

Qeyd edək ki, «PAŞA Holding» Şirkətlər Qrupuna daxil olan «PAŞA Həyat Sığorta» şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR