Ukraynalı olimpiya çempionu Bakıya gəlib

Ukraynalı olimpiya çempionu Bakıya gəlib
# 10 aprel 2015 09:48 (UTC +04:00)

Bakı – APA. Qılıncoynatma üzrə Olimpiya çempionu Olqa Xarlan Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, sablya növündə 4 dəfə dünya, 7 dəfə Avropanın ən güclüsü tituluna yiyələnən 25 yaşlı ukraynalı bu gün Azərbaycan Qılıncoynatma Federasiyasında (AQF) da olub.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin dəvəti ilə ölkəmizə təşrif buyuran Xarlan yerli qılıncoynadanlarla sessiya keçirib. Görüşdə AQF-in vitse-prezidenti Yaşar Məmmədov, həmçinin qurumun rəsmiləri də iştirak ediblər.

Sessiyada maraqlı fikir mübadiləsi aparılıb. Məmmədov bildirib ki, dünya səviyyəli ulduzun vaxtilə Azərbaycan millisinə gəlmək şansı da olub. Onun sözlərinə görə, ölkəmizlə yanaşı, Rusiya da Olqanın xidmətində maraqlı olsa da, qılıncoynadan vətənində qalmağı üstün tutub.

Ardınca Xarlan London-2012-də Səbinə Mikina üzərində qələbəsindən danışıb, həmin görüşü xatırlayıb. İlk dəfə 2010-cu ildə Bakıda olan və yeniyetmələr arasında dünya birinciliyinə qatılan idmançı xalqımızın qonaqpərvərliyinə heyran qaldığını deyib. Həmin vaxt paytaxtımızla tanış olan Olqa İçərişəhəri çox bəyəndiyini bildirib.

Qeyd edək ki, bu sessiya Azərbaycanda qılıncoynatma idman növünün inkişafına töhfə verməklə bərabər, həm də, Bakı-2015 irsinin bir hissəsinə çevriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR