Deputatlığa namizəd İqbal Ağazadə seçicilərlə ilk görüşünü keçirib

Deputatlığa namizəd İqbal Ağazadə seçicilərlə ilk görüşünü keçirib
# 02 iyun 2016 08:45 (UTC +04:00)

Bakı-APA. 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə iyunun 1-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonu Yenicə kəndində seçicilərlə ilk görüşünü keçirib.

Bu barədə APA-ya namizədin seçki qərargahından bildirilib. İ. Ağazadə gözlənilmədən seçki qərargahının Yenicə kəndində keçirdiyi “Qapı-qapı təbliğat kampaniyası”na qoşulub. Kənd mərkəzində toplaşan seçicilər namizədi coşğu ilə qarşılayıblar. Namizəd əvvəlcə seçicilərin problemlərini dinləyib. Seçicilər bildiriblər ki, onun parlament fəaliyyətindən xəbərdardırlar.

Bildiriblər ki, İ. Ağazadə həmişə xalqın problemlərini parlamentdə qaldırıb və onun həllinə çalışıb. Bu səbəbdən ona etimad göstərir, Ağdaşın problemlərini parlamentdə qaldıracağına və həlli istiqamətində çalışacağına inanırlar.

“Seçicilərlə ilk görüşdə İqbal Ağazadənin rəqibi olan hakimiyyət namizədinin "Ağdaşlılar ağdaşlını seçsin" seçki şüarını heçə endirdi. Namizəd dedi ki, biz vətənimizi rayonlara, kəndlərə, məhəllələrə bölmürük. "Ağdaşdan ağdaşlı seçilməlidir" deyimi yanlış və zərərlidir. Vətəni hissə-hissə deyil, bütöv sevmək lazımdır. Harada AZƏRBAYCAN adı varsa, mən oralıyam. Mən qarabağlı, şəkili, naxçıvanlı, təbrizli, borçalılı, göyçəliyəm, həm də ağdaşlıyam. Görüşdə iştirak edən seçicilər sona qədər yekdilliklə İqbal Ağazadəni sona qədər dəstəkləyəcəklərini və 18 iyunda ona səs verəcəklərini bəyan etdilər” deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, İqbal Ağazadənin seçki qərargahı Qaradeyin kəndində də “Qapı-qapı təbliğat kampaniyası” həyata keçirib. Seçicilər qərargah üzvlərini mehribanlıqla qarşılayıblar. İ. Ağazadə seçicilərdən birinin dəvəti ilə Qaradeyindəki toy ziyafətində iştirak edib və toyu olan gənclərə xoşbəxtlik arzulayıb. Qaradeyin seçiciləri də seçkidə İqbal Ağazadəni dəstəkləyəcəklərini bildiriblər.

Seçki qərargahının kampaniyası və namizədin seçicilərlə görüşü davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR