Prezident İlham Əliyev: "Növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq"

Prezident İlham Əliyev: "Növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq"
# 10 iyul 2014 23:33 (UTC +04:00)

Bakı-APA. “Gələn altı ayda biz çalışmalıyıq ki, nəzərdə tutulmuş bütün infrastruktur layihələrini başa çatdıraq”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda yekun nitqində deyib. Son illərdə bu istiqamətdə böyük işlərin görüldüyünü bildirən dövlət başçısı, hələ ki, görüləsi işlər çox olduğunu vurğulayıb: “Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, kifayət qədər vəsaitimiz var - ona görə, infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidir. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin”.

İnfrastruktur layihələr arasında ölkə başçısı son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstərildiyini vurğulayıb: “Çünki buna böyük ehtiyac var. Yerlərdən gələn xahişlər də bunu göstərir. Bəlkə ona görə ki, son illər digər infrastruktur layihələrinə, xüsusilə elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulub. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir. Buna baxmayaraq müəyyən uğurlu addımlar atılıb”.

Kənd yollarının hər bir insanı narahat edən məsələ olduğunu deyən prezident İlham Əliyev son illərdə kənd yollarının tikintisinə ayrılan vəsaitin artırıldığını və əhalimizin böyük əksəriyyətinin, xüsusilə kəndlərdə yaşayan əhalinin yaxşı yollarla artıq təmin edildiyini qeyd edib: “Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər”.

“İçməli su və kanalizasiya layihələri bütün ölkə üzrə gedir, o cümlədən Bakıda. Dövlət büdcəsi hesabına böyük investisiyalar qoyulur, həm də kreditlər verilir. Şəhərimizdə artıq bir neçə belə layihə başa çatıb... Uzun illər keyfiyyətsiz sudan əziyyət çəkən vətəndaşlar bu gün artıq 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suya malikdirlər. Elə etməliyik ki, bütün şəhərlərimizə içməli su xətləri çəkək. Eyni zamanda, kəndləri də içməli su ilə təmin edirik. Həm “Azərsu” şirkəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırır. O ərazilərdə yaşayan təxminən yarım milyona qədər vətəndaş indi təmiz içməli su ilə təmin olunub”, deyə dövlət başçısı qeyd edib.

Qazlaşdırma ilə bağlı məsələyə toxunan prezident İlham Əliyev bu il bu prosesin bir qədər ləng getdiyini qeyd edib: “Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar var. Dövlət büdcəsində də vəsait nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə, bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu işləri daha da sürətlə aparmalıdır”.

Meliorasiya ilə bağlı məsələyə toxunan dövlət başçısı bu il Şəmkirçay su anbarının istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib: “Bu, böyük infrastruktur layihəsidir. On minlərlə hektar torpağı suvaracaq. Bu, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaq. Mən keçən müşavirələrdə də məsələni qaldırmışam ki, suvarılacaq torpaqların dəqiq ölçüləri olmalıdır. Çünki hələ ki, mənə verilən məlumat daha çox şifahi xarakter daşıyır və deyilir ki, 10 min, 20 min, ya da ki, 50 min hektar torpaq suvarılacaq. Ancaq hansı torpaq, bu uçotu kim aparıbdır, kim dəqiqliklə deyə bilər 10 min, ya da 20 min?!”

Məcburi köçkünlərin problemlərini həmişə olduğu kimi, bu il də yüksək səviyyədə həll ediləcəyini bildirən dövlət başçısı bu il də ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəyini vurğulayıb: “Bu proses artıq uğurla gedir. Həm Bakıda, həm bölgələrdə yeni massivlər tikilir, yeni qəsəbələr salınır və biz bu işləri ən yüksək keyfiyyətlə görürük”.

“Bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulub. Burada bu rəqəm səsləndi – 7,6 milyard manat. Yəni, 6 ayda 11,5 milyard dollar investisiya qoyulub. Bu, çox böyük rəqəmdir. Əminəm ki, bu il də ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcək. Biz bu templəri saxlayırıq. Bu, bizə imkan verir ki, bütün infrastruktur, sosial layihələri icra edək. İnflyasiya qeyd etdiyim kimi, çox aşağı səviyyədədir. Çalışmalıyıq ki, aşağı səviyyədə də qalsın. Makroiqtisadi sabitlik bizim iqtisadi inkişafımızın əsas məsələsidir”, deyə prezident vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR