Burkina Fasoda müxalifətçilər parlament, meriya və hakim partiyanın mənzil-qərargahını yandırıblar

Burkina Fasoda müxalifətçilər parlament, meriya və hakim partiyanın mənzil-qərargahını  yandırıblar
# 30 oktyabr 2014 20:29 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hazırkı iğtişaşlar ölkə prezidenti Bleza Kompaorenin 27-illik hakimiyyəti dövründə ilk irimiqyaslı aksiyadır.

Qeyd edək ki, 1987-ci ildə hakimiyyətə gəlmiş prezidentin 2015-ci ildə keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürə bilməsi üçün ölkə parlamenti bu gün konstitusiyaya müvafiq dəyişikliklərin edilməsi məsələsinə baxmağı planlaşdırıb. Məhz bunun müxalifət tərəfdarlarının kütləvi etirazlarına səbəb olduğu bildirilir.

Məlumata görə, polisin müqavimətinə baxmayaraq müxalifətçilər parlamentin binasına daxil ola bilib. Etirazçılar, həmçinin, televiziya mərkəzini ələ keçirib, nəticədə, dövlət televiziyasının yayımı dayandırılıb.

Bu hadisələr parlamentdə səsvermənin təxirə salınmasına, hökumətin isə konstitusiyaya dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsini geri çağırmasına səbəb olub.

Hakimiyyətin bu addımından sakitləşməyən etirazçılar parlament, meriya və hakim partiyanın mənzil-qərargahı yerləşən binanı yandırıblar.

Son məlumata görə, etirazçılar və polis arasında toqquşmalar hazırda prezident sarayı qarşısında davam edir, atışmanın baş verdiyi bildirilir. Müxalifət tərəfdarları binaya daxil olmağa çalışır. Prezident Kompaorenin ölkəni tərk etməsi barədə şayiələr yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR