Azərbaycan Belçikadakı səfir Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

Azərbaycan Belçikadakı səfir Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
# 04 fevral 2013 15:01 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Belçika Krallığındakı səfiri, eyni zamanda Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Avropa Komissiyasının vitse-prezidenti və rəqəmsal gündəlik üzrə Avropa komissarı xanım Neli Krus (Neelie Kroes) ilə görüş keçirib. Səfirlikdən APA-ya verilən xəbərə görə, görüş zamanı səfir beynəlxalq arenada TASİM layihəsinin inkişafının əhəmiyyəti, Azərbaycanda 2013-cü ilin “İKT ili” elan edilməsindən irəli gələn müxtəlif tədbirlərin həyata keçiriləcəyi, Dövlət Neft Fondunda cəmləşmiş maliyyə ehtiyatları hesabına internet infrastrukturunun təkmilləşdirilməsi və internet imkanlarının ölkənin hər bölgəsinə çəkdirilməsi (“Fiber to Home” layihəsi) üçün dövlət tərəfindən ilkin olaraq 140 milyon manat ayrılması və bu rəqəmin yaxın 4-5 ildə daha da artırılacağı barədə məlumat verib.

F. İsgəndərov ölkədə internet azadlığı mövzusuna toxunaraq Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayının durmadan artdığını və “Facebook” istifadəçilərinin sayının 1 milyondan çox olduğunu söyləyib. O, hökumət tərəfindən internetdən istifadəyə heç bir məhdudiyyət və nəzarət mexanizmlərinin tətbiq edilmədiyini vurğulayıb.

Xanım N. Krus isə Azərbaycanla dost münasibətlərinin və səmimi tərəfdaşlığın formalaşmasında maraqlı olduğunu, internet azadlığı sahəsində AB ilə daimi dialoqun aparılmasının vacibliyini qeyd edib. O bildirib ki, həm Avropa Komissiyasının vitse-prezidenti, həm Avropa komissarı, həm də holland xalqının təmsilçisi olaraq Azərbaycanın hərtərəfli inkişafına inanır və birgə əməkdaşlıq səylərini artırmaq üçün Bakı ilə bütün səviyyələrdə ikitərəfli dialoq üçün faydalı olacaq maraqlı əməkdaşlıq təkliflərini nəzərdən keçirməyə hazırdır.

Görüş zamanı səfir İKT sahəsində fəal olan QHT-lər və özəl sektor dairələrinin iştirakı ilə cari il ərzində AB - Azərbaycan İnternet/İKT Forumunun təşkil olunmasını, eləcə də internet idarəçiliyi mövzusunda AB ilə müxtəlif əməkdaşlıq aspektlərinin müzakirə edilməsi imkanlarının araşdırılmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR