Səyyad Aran: “Dini təriqətlərin qeydiyyatdan keçdikləri ərazilərdən başqa yerdə təbliğat aparması yolverilməzdir”

Səyyad Aran: “Dini təriqətlərin qeydiyyatdan keçdikləri ərazilərdən başqa yerdə təbliğat aparması yolverilməzdir”
# 18 aprel 2013 15:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Azərbaycanda dini təriqətlər qeydiyyatdan keçdiyi ərazidə fəaliyyət göstərə bilər”. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gəncədə “Azərbaycanda milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyev və din” mövzusunda keçirilən konfransda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyyad Aran bildirib.

Onun sözlərinə görə, respublika ərazisində dini təriqətlərin qeydiyyatdan keçdikləri ərazilərdən başqa yerdə təbliğat aparması yolverilməzdir: “Xristian icmalarının əksəriyyəti Bakıda qeydiyyatdan keçib. O nümayəndəliklərin Bakı şəhərində nəzərdə tutulan yerlərdə öz dini etiqadlarına uyğun olaraq mərasimlərini, ayinlərini keçirmək hüquqları var. Dövlət buna tam məsuliyyəti ilə təminat verir. Amma tutaq ki, “7-ci gün adventistləri”, xristian baptistləri və yaxud “Yəhova şahidləri” gedib Tovuzda, Qazaxda təbliğat aparırsa, bu yolverilməzdir. Çünki Tovuzda, Qazaxda onların dini icması qeydiyyatdan keçməyib”.

S.Aran qeyd edib ki, bəzən bu sahədə müəyyən anlaşılmazlıqlar meydana çıxır. O, xarici ölkələrin radiostansiyalarında Azərbaycanın hüquq-mühafizə orqanlarının belə dini təriqətlərə qarşı sərt münasibət bəsləməsi haqda səslənən fikirləri əsassız hesab edib: “Artıq dini ədəbiyyatlar respublikada xüsusi holoqramla satılır. Prezident tərəfindən imzalanan qanuna görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi respublikaya gətirilən dini kitablara müvafiq holoqramlar hazırlayaraq vurur. Əgər kitabın üzərində holoqram yoxdursa, demək, o kitablar ölkəyə qeyri-qanuni gətirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR