Son 5 ildə Azərbaycanın qiymətli kağızlar bazarı 70% artıb

Son 5 ildə Azərbaycanın qiymətli kağızlar bazarı 70% artıb
# 18 aprel 2013 14:09 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Son 5 il ərzində Azərbaycanda qiymətli kağızlar bazarının həcmi 70% artıb. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Aparatının rəhbəri Bəxtiyar Əzizov bu gün KİV nümayəndələrinə Komitədə təşkil olunmuş «Açıq qapı günü» çərçivəsində bildirib.


Komitənin 1998-ci ildə fəaliyyətə başladığını söyləyən B.Əzizov bu il qurumun yaradılmasının 15 illiyi qeyd olunacağını bildirib və qeyd edib ki, QKDK-nın fəaliyyəti dövrü ərzində ölkənin mütəşəkkil qiymətli kağızlar bazarı dinamik inkişaf edib: «Son 5 il ərzində ölkənin qiymətli kağızlar bazarının həcmi 70% artıb, 2012-ci ildə fond bazarının həcminin ÜDM-ə nisbəti 17,5% təşkil edib».


B.Əzizov onu da əlavə edib ki, 2010-cu ildən etibarən Komitə strateji idarəetmə planı hazırlayır və növbəti 3 il üçün strateji plan artıq hazırlanaraq təsdiq olunub.


Öz növbəsində «Açıq qapı günü» çərçivəsində QKDK-nın qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin müdiri Elnur Allahverdiyev müxtəlif növ qiymətli kağızların qeydiyyatının aparılması, qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı və uçotu, emitentlərin illik hesabatlarının qəbulu və təhlili barədə ətraflı məlumat verib və bildirib ki, 2012-ci ildə Komitə tərəfindən 1,950 mlrd. manat həcmində səhm, 173,8 mln. manat və 510 min ABŞ dolları həcmində istiqraz, 2,5 mlrd. manat məbləğində Mərkəzi Bankın notları, həmçinin 20 mln. manatlıq Maliyyə Nazirliyinin ortamüddətli, 180 mln. manat məbləğində qısamüddətli və 300 mln. manat məbləğində geri çağırılan istiqrazları dövlət qeydiyyatından keçib. «Bununla yanaşı, ötən il ərzində Komitə tərəfindən 2,5 mln. avro məbləğində köçürmə, 22,1 mln. dollar məbləğində isə sadə veksellər dövlət qeydiyyatına alınıb, 1,8 mln. dollarlıq veksellərə isə xitam verilib», - deyə şöbə müdiri vurğulayıb.


«Elektron hökumət» layihəsi çərçivəsində QKDK-nın göstərdiyi elektron xidmətlərdən söz açan E.Allahverdiyev bildirib ki, hazırda Komitə tərəfindən 10 elektron xidmət göstərilir: «Bundan başqa, peşəkar bazar iştirakçıları tərəfindən 1 600 hesabat elektron qaydada Komitəyə təqdim olunub ki, bu da peşəkar bazar iştirakçılarının 100%-i deməkdir».


E.Abdullayev qeyd edib ki, hazırda Komitə tərəfindən «Qiymətli kağızlar haqqında» qanun layihəsi, o cümlədən emissiya buraxılışlarının yeni qaydaları hazırlanır.


Komitə rəsmisi həmçinin əlavə edib ki, hazırda ölkənin qiymətli kağızlar bazarında 2 000 artıq emitent mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR