Hacı Şahin Həsənli: “Tərəfimizdən heç bir Ramazan təqvimi dərc olunmayıb”

Hacı Şahin Həsənli: “Tərəfimizdən heç bir Ramazan təqvimi dərc olunmayıb”
# 04 iyul 2014 10:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Məsciddə hər hansı narazılıq yoxdur və tərəfimizdən heç bir təqvim dərc olunmayıb”. Bunu APA-ya açıqlamasında Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, onunla məscidin icması arasında narazılıq yaranması barədə məlumatlar həqiqəti əks etdirmir: “Qafqaz Müsəlmanları İdarəsinin də bir müddət əvvəl yaydığı açıqlamada qeyd olunduğu kimi, kimlərsə bizim adımızdan təqvim paylayıb. Lakin onun bizə heç bir dəxli yoxdur. İdarənin yaydığı açıqlamada da qeyd olunub ki, bu təxribatdır. Məscidin icmasında da hər hansı narazılıq yoxdur, ola da bilməz. Bu da növbəti uydurmadır. Yəqin uzun müddətdir yeni bir şey tapa bilmirlər. Mütəmadi olaraq bizim haqqımızda mətbuata yalan məlumatlar ötürülür. Kimlərsə bizi tənqid hədəfinə çevirməklə başqa məqsədlər güdür. Bəzən bizi kimlərəsə, hansısa din xadimlərinə qarşı qoyurlar. Uydurma məlumatlar yayırlar. Bu da onlardan biridir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təqvimlər məscidlərə paylanılıb. Biz də həmin təqvimə uyğun olaraq dini mərasimlər keçiririk”.


Məsələyə münasibət bildirən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib ki, Məşədi Dadaş məscidində idarə tərəfindən paylanılan təqvimə riayət olunur: “Biz bu məsələ ilə bağlı bir müddət əvvəl də açıqlama yaymışdıq. Kimlərsə Məşədi Dadaş, Təzəpir və İçərişəhər Cümə məscidinin adından təxribat xarakterli təqvimləri əhaliyə paylayıblar. Bu da insanlar arasında narahatlıq yaradır. Lakin həmin məscidlərdə bizim təqvimə əməl olunur. Kimdirsə, onlara qarşı təxribat edirlər. Həmin məscidlərə bizim tərəfimizdən təyin olunan din xadimləri rəhbərlik edir. İdarə fətva verən günü iclasda iştirak ediblər”.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin icması ilə məscidin axundu Hacı Şahin Həsənli arasında narazılıq yaranması barədə məlumat yayılıb. Həmin məlumata görə, Məşədi Dadaş məscidinin Ramazan ayı təqvimi Hacı Şahin Həsənlinin və məscidinin icmasının razılığı ilə Səməd Cəfərov adlı biznesmen tərəfindən çap edilib və yayılıb. Lakin Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayaraq həmin təqvimləri etibarsız elan etdikdən sonra Hacı Şahin idarəni razı salmaq üçün məscidin Ramazan ayı təqvimini inkar edərək təxribat adlandırıb. Bu da məscidin icması tərəfindən narazılıqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR