Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq

Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq
# 16 mart 2015 13:14 (UTC +04:00)

Bakı - APA. Vyetnam Sosialist Respublikasının VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub.

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, BANM rektoru Elmar Qasımov VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu bildirib.

O, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında olan əlaqələrin tarixindən danışıb. Elmar Qasımov Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hələ 1983-cü ildə Sov. İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq həmin dövrdə sovet dövlət və hökumət nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfərini xatırladıb, müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində onun Vyetnam xalqını dəstəklədiyini deyib. Rektor həmçinin iki ölkə arasında təməli Heydər Əliyev tərəfindən qoyulan təhsil sahəsində ikitərəfli əməkdaşlığın bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında prezident İlham Əliyevin 18 may 2014-cü ildə Vyetnama səfərinin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə əməkdaşlığın keyfiyyətcə növbəti mərhələyə qədəm qoyduğunu vurğulayıb. Rektor BANM və VIETSOVPETRO şirkəti arasında qurulan əməkdaşlığın bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, tələbələrin Vyetnamda istehsalat təcrübəsi keçməsinə, vyetnamlı tələbələrin BANM-də təhsil almasına, ixtisasartırmaya, elmi-tədqiqat işlərinin aparılması, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini qeyd edib.

Öz növbəsində VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Azərbaycanda və BANM-də olmasından məmnunluq ifadə edib və bu dəvət üçün rektor Elmar Qasımova öz dərin təşəkkürünü bildirib. O, vyetnamlı tələbələrin dövlət xətti ilə Azərbaycanda təhsil almasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu deyib. Həmin tələbələrdən biri olduğunu və neft-qaz mühəndisi kimi formalaşmaq üçün Azərbaycanda təhsil alaraq məhz burda yetişdiyini vurğulayıb. Ti Txan Ngia təmsil etdiyi şirkətlə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib. O, BANM ilə imzalanan anlaşma memorandumunu yüksək qiymətləndirərək, nüfuzlu ali məktəblə sıx əlaqələrin qurulmasının təmsil etdiyi şirkət üçün qürurverici olduğunu qeyd edib.

Tədbirdə iştirak edən ARDNŞ-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademikXoşbəxt Yusifzadə Vyetnam və Azərbaycan əlaqələrinin böyük tarixə malik olduğunu və yaşlı nəslin nümayəndəsi kimi bu əməkdaşlığın bütün inkişaf mərhələlərinə şahidi olduğunu bildirib. X.Yusifzadə Vyetnamda dənizdə qazma və hasilatı sahəsində təcrübə olmadığına görə ilk növbədə azərbaycanlı mütəxəssislərin onlara köməklik etdiyini qeyd edərək, bu işlərə azərbaycanlı mütəxəssis Cəlal Məmmədovun rəhbərlik etməsinin təsadüfi olmadığını vurğulayıb. O, prezident İlham Əliyevin Vyetnamda olarkən Azərbaycanın Vyetnam üçün neftçi kadrların hazırlanmasını təklifini irəli sürdüyünü və bu təklifin Azərbaycanın Vyetnamla olan əməkdaşlığına yeni təkan verdiyini qeyd edib.

Sonra BANM ilə VIETSOVPETRO şirkəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Eyni zamanda VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia BANM-nin “Fəxri Qonaq” diplomu ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR