Lənkəran. Ağəddin Babayev - APA. Rusiyanın Novosibirsk şəhərindən Azərbaycanın Lənkəran şəhərinə davamlı aviareys açılıb.
APA-nın cənub bürosunun məlumatına görə, "Anqara" Hava Şirkətinə məxsus 75 sərnişinlik Rusiya istehsalı olan “An-148” tipli təyyarə bu gün Bakı vaxtı ilə saat 06.45-də Novosibirskdən uçaraq vaxtından 20 dəqiqə əvvəl - saat 10.40 radələrində Lənkəran Beynəlxalq Hava Limanında yerə enib.
Novosibirsk - Lənkəran - Novosibirsk birbaşa reysi hələlik həftədə bir dəfə uçuş həyata keçirəcək. Tələbat duyulacağı təqdirdə reyslərin sayının artırılması istisna deyil.
Elə həmin gün saat 12.00 radələrində “An-148” təyyarəsi Lənkərandan Novosibirskə yola düşüb.
Qeyd edək ki, aviareyslə uçuş müddəti 4 saat 40 dəqiqə təşkil edir. Biletin birtərəfli gediş qiyməti isə 270 manatdır.