Avrasiya ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə yaradılacaq

Avrasiya ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə yaradılacaq
# 17 aprel 2013 08:17 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Avrasiya ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə yaradılacaq. APA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Avrasiya ölkələri arasında dövlət qulluğu sahəsində bilik və təcrübə mübadiləsinə dair regional XAB-ın (Avrasiya ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə) yaradılmasını təklif edib və bununla bağlı Azərbaycanla Qazaxıstan arasında müzakirələr aparılıb.

Komissiya sədrinin sözlərinə görə, dövlət qulluğu sahəsində regional XAB-ın yaradılmasının əsas məqsədi region ölkələri arasında beynəlxalq təşkilatların iştirakı ilə fasiləsiz əməkdaşlıq etmək, bilik, informasiya və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan institusional şəbəkənin formalaşdırılmasıdır: “Azərbaycan regional XAB-ın yaradılmasında maraqlıdır. Bu, dövlət qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə müsbət təsir göstərəcək”.

B. Xəlilov deyib ki, bu il Dövlət Sosial Müdafiə Fondu və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının namizədliyini BMT-nin dövlət idarəçiliyində şəffaflıq üzrə mükafatına təqdim edib: “Artıq komissiya bütün mərhələlərdən keçərək son mərhələyə adlayıb. Baxmayaraq ki, bunun nəticəsinin necə olacağını bilmirik, hər halda hesab edirik ki, komissiyanın bu siyahıda olması bizim üçün uğurdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR