Azərbaycanda qeyri-neft məhsullarının ixracı bir ildə 6% artıb

Azərbaycanda qeyri-neft məhsullarının ixracı bir ildə 6% artıb
# 13 noyabr 2015 09:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 148 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac olunub, 135 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət dövriyyəsinin 9,2%-i MDB üzvü dövlətləri, 48,6%-i Avropa İttifaqı ölkələri, 42,2%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

Doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 19467,6 mln. dollar, o cümlədən ixracın həcmi 12889,1 mln. dollar, idxalın həcmi 6578,5 mln. dollar təşkil edib, nəticədə 6310,6 mln. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,0% artaraq 1179,0 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR