Yaqub Mahmudov: “Müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər gələn il hazır olacaq”

Yaqub Mahmudov: “Müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər gələn il hazır olacaq”
# 10 noyabr 2015 09:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Cənab prezident Akademiyanın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılmasının vacibliyini qeyd etdi. Tarix İnstitutunda bununla əlaqədar olaraq işlərə başlanılıb”.

Bunu APA-ya açıqlamasında AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov deyib.

O bildirib ki, müstəqillik dövrünə həsr olunmuş “Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” kitabı üzərində ciddi iş aparılır: “Cənab prezidentin ölkəyə rəhbərlik etməsindən sonra görülən işlərlə bağlı araşdırmalar aparırıq. Artıq Moskvaya ezamiyyətlər təşkil olunub. Ölkə daxilində işlər gedir, tədqiqatlar aparılır. Güman edirəm ki, ölkə başçısının qoyduğu vaxta kimi “Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” kitabı nəşr olunacaq və müstəqilliyimizin 25 illiyində, bayramda kitabın təqdimatı keçiriləcək”.

Tarix İnstitutunun direktoru qeyd edib ki, rəhbərlik etdiyi qurumda Zəngəzur tarixinin mükəmməl şəkildə işlənməsinə başlanılıb: “Biz artıq müəllif heyətini də müəyyənləşdirmişik”.

Y. Mahmudov qeyd edib ki, eyni zamanda, Azərbaycanda baş verən soyqırımları tarixi illüstrasiyalı şəkildə, müxtəlif dillərdə nəşr olunacaq: “Cənab prezident Akademiyanın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda bir daha Azərbaycan tarixçilərinin gərgin əməyinə yüksək qiymət verdi. Biz ölkə başçısının tapşırığı ilə İrəvanın Azərbaycana məxsus olduğunu, İrəvan şəhərinin böyük əksəriyyətinin azərbaycanlılardan ibarət olduğunu dəlillərlə sübut etdik. Azərbaycanın bütün bölgələrində baş verən soyqırımıların tarixi araşdırıldı. Qarabağ, Naxçıvan və İrəvan xanlıqları, Azərbaycanda baş verən soyqırımlarının tədqiqinin təşəbbüskarı birbaşa cənab prezidentdir. Bu istiqamətdə araşdırmaların davam etdirilməsi ilə bağlı cənab prezidentin tapşırıqları Tarix İnstitutunda dayanmadan yerinə yetirilir”.

Qeyd edək ki, dünən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda prezident İlham Əliyev bildirib ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılmasının vaxtı çatıb: “Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR